Ali Məhkəmədən dələduzluq cinayətləri ilə bağlı mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası konkret iş üzrə qəbul etdiyi qərarda əməlin hansı halda dələduzluq kimi qiymətləndirilməli olduğunu açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir.
Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur.
Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir.
Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.