Millət vəkili X. Fətiyev:”Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın yeni hədəfləri müəyyənləşir”

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu kontekstdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlər əlaqələrin yüksək səviyyəsini və yeni mərhələdə inkişafını nümayiş etdirən mühüm siyasi hadisədir.
Səfər çərçivəsində keçirilən görüşlər, mətbuata bəyanatla edilən çıxışlar tərəflərin strateji tərəfdaşlığı dərinləşdirmək niyyətini bir daha təsdiq etdi. Xüsusən Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti Antonio Koşta ilə birgə mətbuat konfransında səsləndirdiyi bəyanatlar Bakı və Brüssel arasındakı münasibətlərin hazırkı yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini özündə ehtiva edən strateji mesaj xarakteri daşıdı. Avropa Komissiyasının üzvlərinin ötən il və bu il dəfələrlə Azərbaycana səfər etdiyini xatırladan dövlətimizin başçısı Aİ ilə müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsində olduğumuzu bildirdi:
“Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır”.
Prezident İlham Əliyevin diqqət çəkdiyi kimi cari ilin yanvar ayında ticarət dövriyyəsinin 50 faizinin Aİ-nin payına düşməsi mühüm göstəricidir. Bu, Azərbaycanın xarici ticarətində Aİ-nin dominant mövqeyini rəsmiləşdirir. Dövlət başçısının “sərmayələr iki istiqamətdə yatırılacaq” vurğusu əməkdaşlığın ticarət çərçivəsi ilə məhdudlaşmadığını və qarşılıqlı kapital qoyuluşu müstəvisinə keçdiyini göstərir. Azərbaycan şirkətlərinin Avropa bazarlarına yatırımı isə ölkəmizin regionun ən böyük investorlarından birinə çevrilməkdə olduğunu nümayiş etdirir.
Əlbəttə ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan-Aİ münasibətlərinin əsas sütunu kimi xarakterizə olunur. Təsadüfi deyil ki, A.Koştanın səfər proqramında əsas müzakirə mövzularından biri enerji əməkdaşlığı ilə bağlı oldu. Azərbaycanla Aİ arasında uzun illərə söykənən enerji əməkdaşlığı formalaşıb. Respublikamızın təşəbbüsü ilə ərsəyə gətirilən Cənub Qaz Dəhlizi Xəzərdən hasil edilən təbii qazı Avropaya çatdırır. 2022-ci ilin iyul ayında Bakıda imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” isə tərəflər arasında enerji əməkdaşlığını yeni mərhələyə yüksəldib. Avropa üçün enerji mənbələrinin şaxələndirilməsinin strateji prioritet olaraq qaldığını nəzərə alsaq, bu prosesdə Azərbaycanın rolu getdikcə artacaq. Çünki Prezident İlham Əliyevin qeyd etdiyi kimi növbəti illərdə Azərbaycanın bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazı olacaq:
“Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir. Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq”.
Prezident İlham Əliyevin bu fikri Azərbaycanın qlobal enerji xəritəsindəki yerini və Avropanın enerji təhlükəsizliyi arxitekturasındakı mərkəzi rolunu konkret faktlarla təsdiqləyir. Göründüyü kimi Azərbaycanın 10-u Aİ üzvü olmaqla ümumilikdə 16 ölkəyə qaz ixrac etməsi respublikamızın hər zaman bəyan etdiyi şaxələndirmə prinsipi kağız üzərində qalmayaraq, enerji təchizatının coğrafiyasının genişlənməsində özünü göstərir. Eyni zamanda, cənab Prezidentin qeyd etdiyi kimi boru kəməri ilə qaz təchizatında Azərbaycanın dünyada liderlər sırasında olması ölkəmizin logistik etibarlılığının təzahürüdür. Dövlət başçısının 10 milyard kubmetr əlavə qaz hasilatı ilə bağlı sözləri isə həm Avropa, həm də regional tərəfdaşlar üçün strateji mesajdır. Yeni yataqların istismara verilməsi Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, Avropa bazarına olan öhdəliklərini daha da gücləndirir. Ümumilikdə isə respublikamız Avropa bazarına çıxış imkanlarını genişləndirməklə həm də özünün iqtisadi maraqlarını uğurla realizə edir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, sadəcə, qaz ixracı ilə deyil, həm də gələcəkdə bərpaolunan enerji layihələri ilə daha da şaxələnəcək.
Aİ Şurasının Prezidenti Antonio Koştanın respublikamıza səfəri zamanı əsas müzakirə mövzularından biri nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı oldu. A.Koştanın Bakıda mətbuata bəyanatla çıxışı zamanı səsləndirdiyi “Daşımalar bizim əməkdaşlığımızın başqa bir mühüm sahəsidir. Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə biz iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik” fikri təsdiq edir ki, Aİ Azərbaycanın Orta Dəhlizin imkanlarının inkişaf etdirilməsi ilə bağlı aparıcı mövqeyini düzgün qiymətləndirir və bu istiqamətdəki strateji məqsədlərinin reallaşmasında ölkəmizi özünün mühüm tərəfdaşı kimi qəbul edir.
Bakıda aparılan danışıqlarda Prezident İlham Əliyev və Antonio Koşta regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar, 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımlar yüksək qiymətləndiriblər. «Vaşinqton razılaşmaları sizin dialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizin yanınızdadır» – deyən Aİ Şurasının Prezidentinin bu sözləri göstərir ki, Aİ Azərbaycanın regionda yaratdığı yeni reallıqları artıq tam qəbul edir. Brüsselin Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərinə göstərdiyi həmrəylik həm də münasibətlərin yalnız iqtisadi deyil, eyni zamanda siyasi müstəvidə uğurla inkişaf etdiyini təsdiqləyir.
Bütövlükdə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri göstərdi ki, Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığın yeni hədəfləri müəyyənləşir. Bu səfərin əsas nəticələrindən biri də budur ki, Aİ Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaşı kimi qəbul edir. Antonio Koştanın Azərbaycana səfəri həm də beynəlxalq siyasi ab-havanın son dərəcə mürəkkəbləşdiyi bir dövrə təsadüf edir. Belə şəraitdə Aİ-nin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərməsi ölkəmizin beynəlxalq müstəvidəki aparıcı rolunu və mövqeyini bir daha nümayiş etdirir. Ümumilikdə isə Aİ və Azərbaycan arasında intensiv təmaslar qarşılıqlı etimadın möhkəmləndirilməsinə və uzunmüddətli strateji əməkdaşlığın daha da dərinləşdirilməsinə yol açır.


