ABŞ bu əraziyə qurudan daxil ola bilər

Müharibənin 4-cü günündə (3 mart) İranın ABŞ-İsrail hücumları qarşısında izlədiyi taktika haqda yazmışdıq: ilk 10 gün hücumlara dözür, Hörmüz boğazını bağlayır və Körfəz ölkələrini hədəfə alaraq qlobal enerji böhranı yaradır;
Bu, müharibədə “sağ qalmaq” üçün ən effektiv gediş ola bilərdi ki, İranın hazırda – hücumların 14-cü günündə buna nail olduğu, yaxud ən azı belə bir perspektiv yaratdığı görünür. Hörmüz boğazında yaranan problemə görə neft qiymətlərinin yüksək həddə çatması (problem həll edilməsə, 150 dollara qədər artım gözlənilir) və milyardlarla dollar itki qlobal böhran riskini yaradır. Yeni dini lider Müctəba Xameneinin ilk müraciətində səsləndirdiyi fikirlər – “Hörmüz boğazının bağlanması rıçaqından istifadə davam etdirilməlidir” açıqlaması isə İranın geri çəkilməyəcəyini təsdiqləyir.
Bu kontekstdə ABŞ-ın müharibəni davam etdirə bilmək və İranı təslim olmaq məcburiyyətində buraxmaq üçün Tehranın əlindən Hörmüz boğazının bağlanması riksini almaqdan başqa yolu qalmır.
Boğazdan təhlükəsiz keçidin təmin edilməsi üçün iki mümkün ssenari müzakirə olunur.
Birincisi, ABŞ donanmasının boğazdan keçən tankerləri müşayiət etməsidir: Tramp daha öncə bunu təklif etmişdi, maliyyə naziri Skott Bessen də belə bir variantın üzərində işlədiklərini açıqladı, lakin bunun hərbi baxımdan hazırlanması bir qədər zaman ala bilər;
Bu ssenaridə əsas problem tankerləri müşayiət edəcək ABŞ donanmasının İranın açıq hədəfinə çevrilməsidir. Vaşinqton İranın hərbi dəniz qüvvələrinin sıradan çıxarıldığını desə də, boğaza nəzarət etməsi bu riski aktual olaraq saxlayır. Mümkündür ki, Vaşinqton tankerlərin müşayiət edilməsi ssenarisində “beynəlxalq koalisiya” amilindən istifadə etsin. Bu halda İranın hücumu beynəlxalq koalisiyanın da müharibəyə qoşulmasını şərtləndirə bilər ki, Vaşinqton üçün sərfəli nəticədir.
İkincisi, İranın sahil xəttinin ələ keçirilməsidir: “Wall Street Journal” nəşri belə seçimin mümkünlüyünü yazıb.
Hərçənd, bu ssenari unikal görünmür:
– İranın sahil xəttinin ələ keçirilməsi əməliyyatı qurudan müdaxilə ilə mümkündür ki, yerdə nəyin baş verəcəyini, nə qədər uğurlu olacağını proqnozlaşdırmaq asan deyil və belə bir ssenaridə boğaz daha uzun müddət risk altında qala bilər;
– İranın bu ssenariyə qarşı “regionun neft-qaz infrastrukturunu yandıracağıq” xəbərdarlığı bölgəni risk altına salır;
Bütün bunlar Hörmüz boğazına nəzarət məsələsinin İran müharibəsində açar rol oynayacağını deməyə əsas verir. ABŞ boğazdan təhlükəsiz keçidi təmin edərək İranın təslim olmasını sürətləndirməlidir, əks təqdirdə, müharibədə nəticənin əldə edilməsi uzana bilər.
Hörmüz boğazına nəzarət ABŞ-ın təkcə İran müharibəsində nəticə əldə etmək yox, geosiyasi planda önə çıxmaq strategiyasında da lazımdır. Hərçənd, hazırda boğazda yaranmış problemə görə neft qiymətlərinin artımı istehsalçı kimi ABŞ üçün də sərfəlidir. Bu baxımdan, riskli əməliyyat əvəzinə boğazda “problemin” müəyyən müddət davam etməsi siyasəti izlənilə bilər.
Asif Nərimanlı



