Əliyev onun “arzusunu gözündə qoydu”

Fransa prezidenti Emmanuel Makron yenidən “Ermənistanın xilaskarı” obrazında çıxış etməyə cəhd edir. Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti zamanı İrəvan küçələrindəki “yürüşü”, eləcə də verdiyi açıqlamalar və Ermənistana Türkiyədən quru sərhədi ilə keçmək istəyi Fransa prezidentinin niyyətini ortaya çıxardı.
Bütün bunlar Makronun yeni “şousu” hesab oluna bilər. 2020-ci ildə 44 günlük müharibə zamanı “ermənilərin xilaskarı” olmağa çalışan, lakin buna nail ola bilməyən Fransa prezidentinin yenidən buna cəhd etməsi təsadüfi deyil.
Birincisi, Makron bununla ölkəsindəki reytinqini yüksəltmək istəyirdi. Son seçkilərdə məğlub olan Makron Fransadakı erməni icmasının dəstəyinə bel bağlayır və İrəvanda “xilaskar” obrazını sərgiləməklə buna nail ola biləcəyini düşünür.
İkincisi, Fransa 44 günlük müharibədən sonra ermənipərəst mövqeyinə görə faktiki olaraq qovulduğu Cənubi Qafqaza Ermənistan üzərindən yenidən qayıtmağa çalışır.
Makronun Ermənistan şousu buna hesablanmışdı. Hərçənd, bütün bu şou boşboğazlıqdan başqa bir şey deyil. Prezidenti İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı bu məsələyə toxundu.
“Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər”, – dövlət başçısı bildirib.
Burada söhbətin Makrondan getdiyi sirr deyil. O da sirr deyil ki, Fransa prezidentinin Ermənistan səfəri, ümumilikdə Cənubi Qafqazla bağlı planı yenidən fiakoya uğradı. Onun Türkiyə-Ermənistan sərhədini qurudan keçmək planının baş tutmaması da bunu deməyə əsas verir.
Məlumata görə, Türkiyə-Ermənistan sərhədini quru yolla keçmək istəyən Makronun bu səfəri bəzi türkiyəli nümayəndələrlə razılaşdırılıb. Fransa prezidenti Türkiyə ilə quru sərhədini adlamaqla Ankara-İrəvan danışıqlarında təsiredici oyunçu səviyyəsinə yüksəlmək, həmçinin, Fransanın Azərbaycan-Ermənistan danışıqlarına təsir imkanlarını, ümumilikdə Cənubi Qafqazdakı rolunu gücləndirmək istəyirdi. Makron bu addımı ilə özünü Cənubi Qafqazın yenidən qurulan siyasi münasibətlər arxitekturasında “təminatçı” kimi də təqdim etməyi planlaşdırmışdı. Lakin Azərbaycan və Türkiyə liderləri Fransa prezidentinin siyasi oyununa imkan vermədi.
Makronun quru sərhədini keçmək istəyi ilə bağlı məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın masasına gəldikdə o, Azərbaycanla müzakirələrdən sonra buna qarşı çıxıb. Məlumdur ki, Ərdoğan məsələni birbaşa Əliyevlə müzakirə edib və liderlər Makrona “yox” cavabını veriblər.
Burada təəssüf doğuran məqam Türkiyədə bəzi diplomatların Makronun öz maraqlarına xidmət edən bu ideyasını dəstəkləməsidir. Hərçənd, Azərbaycan və Türkiyə liderlərinin qətiyyətli mövqeyi hər iki ölkənin maraqlarının əleyhinə olan bu cür yanaşmalara imkan vermir. Makronun arzusunun “gözündə qalması” bunun real nümunələrindəndir. Və bu onu da təsdiq edir ki, regionda mövcud siyasi gündəliyi Azərbaycan və Türkiyə liderləri formalaşdırır.
Asif Nərimanlı



