Siyasət

Vaşinqtondan başlayan yeni mərhələ: Azərbaycan–ABŞ strateji tərəfdaşlığı və Cənubi Qafqazda sülhün yeni reallıqları

2025-ci il avqustun 8-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri ən mühüm günü kimi tarixə düşdü. Vaşinqtonda baş tutan görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər yalnız Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə keçidini deyil, həm də Azərbaycanla Ermənistan arasında sülh prosesində bir dönüş nöqtəsinə keçid etdi. Bir il sonra bu proseslərin nəticələrinə nəzər saldıqda açıq-aydın görünür ki, Vaşinqtonda atılan bu addımlar ayrı-ayrı hadisələr deyil, uzunmüddətli və məqsədyönlü siyasi strategiyanın məntiqi nəticəsinə çevrilib.

Cənubi Qafqazda 30 ildən çox bir müddətdə davam edən münaqişənin başa çatdırılması, Azərbaycanın parlaq qələbəsi sayəsində ərazi bütövlüyü və suverenliyinin tam bərpası, bundan sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, regional kommunikasiyaların açılması və eyni zamanda Bakı–Vaşinqton münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi bir-birini tamamlayan proseslərdir.

Bu mənada 8 avqust 2025-ci il tarixini yalnız diplomatik təqvimin növbəti səhifəsi kimi qiymətləndirmək düzgün olmaz. Bu tarix Azərbaycan diplomatiyasının, ölkəmizin rəhbəri ali baş komandan İlham Əliyevin uzaqgörən siyasətinin, hərbi-siyasi qələbənin və uzun illər ərzində həyata keçirilən ardıcıl xarici siyasətin nəticələrinin beynəlxalq səviyyədə təsdiqləndiyi mühüm bir mərhələdir.

Azərbaycan-ABŞ münasibətlərinin tarixi çox 90-cı illərə gedib çıxır. Enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik, nəqliyyat və enerji layihələri iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edib.

Lakin xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar Azərbaycan–ABŞ münasibətlərində də müəyyən ziddiyyətlərin meydana çıxmasına səbəb oldu. Prezident İlham Əliyev 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan mediasına verdiyi müsahibədə də bildirdi ki, Bayden administrasiyası dövründə münasibətlər ciddi şəkildə pisləşmişdi. Dövlət başçısı xüsusilə “Azadlığa Dəstək Aktı”nın 907-ci bölməsi üzrə məhdudiyyətlərin yenidən tətbiq olunmasını mənfi siyasi addım kimi qiymətləndirdi.

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Prezident İlham Əliyevin ona ünvanladığı 6 noyabr 2024-cü il tarixli məktubda yeni mərhələnin ilkin siyasi siqnallarından biri idi. Dövlət başçısı həmin məktubda Trampın ilk prezidentliyi dövründə Azərbaycan–ABŞ münasibətlərinin, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulayır və yeni prezidentlik dövründə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edirdi.  Sonrakı aylarda bu siyasi dialoq daha da intensivləşdi. Trampın 10 aprel 2025-ci il tarixli məktubunda ABŞ prezidenti Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edir, Azərbaycanla Ermənistan arasında sülh istiqamətində atılan addımları alqışlayırdı. Bu əlbəttə ki, ABŞ prezidentinin Azərbaycana, onun liderinə olan hörmət və diqqətinin bariz nümunəsi idi. Bu da onun göstəricisidir ki, lham Əliyev artıq müasir dünyada güclü lider obrazının ən real təcəssümü sayılır. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyev ilə bağlı paylaşımları, Vaşinqton görüşündə Azərbaycanın dövlət başçısına göstərilən ehtiram və son olaraq Ağ Ev sahibinin hədiyyəsi bu faktı bir daha təsdiqləyir. Təkcə onu vurğulamaq yerinə düşər ki, ABŞ Prezidenti Donald Trampın adından Prezident İlham Əliyevə hədiyyənin üzərində “İlham, Siz böyük lidersiniz” sözləri yazılması ölkə başçımızın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirdiyinin bariz nümunəsidir.

Bütün bu faktlar onu deməyə əsas verir ki, ötən il reallaşan Vaşinqton görüşü qəfil meydana çıxmış diplomatik hadisə deyildi. Onun arxasında qarşılıqlı siyasi mesajların, intensiv diplomatik təmasların və regional proseslərin yaratdığı zəmin dayanırdı.

Prezident İlham Əliyevin ABŞ-a səfəri Donald Trampın dəvəti ilə 7–8 avqust 2025-ci ildə baş tutdu. Avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti arasında görüş keçirildi. Görüşün nəticəsi olaraq iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı.

Bu sənədin siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişafının ayrı-ayrı sahələr üzrə əməkdaşlıqdan daha geniş strateji çərçivəyə keçirilməsi nəzərdə tutulurdu.

Prezident İlham Əliyev Vaşinqtonda bu addımı yüksək qiymətləndirərək avqustun 8-ni ikitərəfli münasibətlər tarixində mühüm gün adlandırdı. Dövlət başçısı 907-ci bölmə ilə bağlı məhdudiyyətlərin tətbiqindən imtinanı da siyasi baxımdan əhəmiyyətli hadisə kimi qiymətləndirdi. Burada mühüm hüquqi məqam ondan ibarətdir ki, söhbət 907-ci düzəlişin ABŞ qanunvericiliyindən tamamilə ləğv edilməsindən deyil, onun tətbiqinə dair prezident səviyyəsində müvəqqəti dayandırma qərarından gedirdi.

Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycanın artıq xarici yardıma ehtiyac duymayan, iqtisadi və siyasi baxımdan daha müstəqil dövlətə çevrilməsi fonunda 907-ci bölmənin Azərbaycan üçün əsasən siyasi və simvolik mahiyyəti qalmışdı. Bu addımın əsas əhəmiyyəti isə yalnız hüquqi mexanizmdə deyil, Vaşinqtonun Bakı ilə münasibətlərinə verdiyi siyasi mesajda idi.

2025-ci ilin avqustunda yaradılması barədə razılıq əldə edilən Strateji İşçi Qrupu öz bəhrəsini bir neçə ay sonra verdi.

2026-cı il fevralın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı.

Xartiya iki ölkənin münasibətlərini daha geniş siyasi, iqtisadi, enerji, texnoloji, təhlükəsizlik və nəqliyyat gündəliyi üzrə inkişaf etdirməyi nəzərdə tutur. Sənəddə dövlətlərin bir-birinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyi xüsusi vurğulanır.

Bu, 8 avqust 2025-ci ildə Vaşinqtonda başlanan prosesin artıq konkret institusional nəticəyə çevrildiyini göstərir.

Prezident İlham Əliyevin 2026-cı ilin mayında aldığı məktubda Donald Tramp da bu ardıcıllığı xüsusi vurğulayıb. ABŞ prezidenti qeyd edib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən sonra iki ölkə münasibətləri yenidən canlandırıb və bu proses 10 fevral 2026-cı ildə Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə yeni mərhələyə keçib.

Deməli, Vaşinqton səfərinin nəticəsi yalnız bir günlük diplomatik uğur deyil. Onun nəticələri sonrakı aylarda da davam edib.

Vaşinqtonda imzalanan sülh sazişi bəlkə də dünya müharibə tarixinda bir ilk olaraq qalib ölkə tərəfindən irəli sürülən bir layihə oldu. 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edən, öz suverenliyini və ərazi bütövlüyünü bərpa edən qalib ölkə müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etdi. Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu dəfələrlə bəyan etdi. 2022-ci ilin martında Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş əsas prinsip irəli sürdü.

Bu prinsiplər təsadüfi siyasi formul deyildi. Onlar beynəlxalq hüququn fundamental normalarına əsaslanır. Beləliklə suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyin qarşılıqlı tanınması və bir-birinə qarşı ərazi iddialarının olmamasının, gələcəkdə belə iddialar irəli sürülməyəcəyinə dair hüquqi öhdəliyin təsdiqi bu sülh müqaviləsinin əsas bəndlərini təşkil edir. Bundan başqa müqavilədə dövlətlərarası münasibətlərdə gücdən və güc tətbiqi hədəsindən çəkinilməsi, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması da xüsusi vurğulanıb.

Sülh müqaviləsində nəqliyyat və kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması məsələsi də qeyd olunub.

Prezident İlham Əliyev 2022-ci ildə bu prinsiplərin Azərbaycanın sülh təşəbbüsünün əsasını təşkil etdiyini açıq şəkildə bildirmişdi. Ermənistan tərəfi də həmin prinsipləri qəbul etdiyini bəyan etmişdi.

Bu baxımdan 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişinin mətninin paraflanması illərlə davam edən danışıqların təsadüfi nəticəsi deyil, məhz həmin konsepsiyanın tədricən siyasi-hüquqi sənədə çevrilməsinin nəticəsi idi.

Burada mühüm məqam var: 8 avqust 2025-ci ildə sülh müqaviləsinin özü yekun şəkildə imzalanmayıb; sazişin razılaşdırılmış mətni paraflanıb. Yəni Vaşinqton prosesi sülhün hüquqi rəsmiləşdirilməsinin həlledici mərhələsini təşkil edib, lakin yekun imza və ratifikasiya ayrıca prosedurlardır.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan həmin gün “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in layihəsini paraflayıb, həmçinin ATƏT-in Minsk prosesi və onunla bağlı strukturlarının bağlanması ilə bağlı birgə müraciət imzalayıblar.

Bu hadisə özü də simvolik məna daşıyırdı. 1990-cı illərdən etibarən münaqişənin həlli üçün yaradılan, 30 il müddətində münaqişənin həllində heç bir əməli fəaliyyəti olmayan Minsk mexanizmi artıq yeni reallıqda öz aktuallığını itirmişdi.

Vaşinqton görüşünün digər tarixi nəticəsi də regional kommunikasiyalarla bağlı əldə edilən razılaşma oldu.

Birgə Bəyannamədə Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqənin təmin edilməsinin vacibliyi təsdiqləndi. Ermənistanın ABŞ və qarşılıqlı müəyyənləşdirilmiş üçüncü tərəflərlə birlikdə “Trump Route for International Peace and Prosperity” – TRIPP layihəsi üzrə çərçivə hazırlamaq istiqamətində işləyəcəyi bildirildi. Bu layihə yalnız bir nəqliyyat xətti kimi qiymətləndirilə bilməz.

Azərbaycan üçün əsas məsələ ölkənin əsas hissəsi ilə Naxçıvan arasında etibarlı və maneəsiz əlaqənin yaradılmasıdır. Daha geniş mənada isə TRIPP Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin inkişafına, Orta Dəhlizin imkanlarının genişlənməsinə, enerji və rəqəmsal kommunikasiyaların inkişafına xidmət edə bilər.

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında da TRIPP ayrıca əhəmiyyətli regional bağlantı layihəsi kimi qeyd olunub. Sənəddə Orta Dəhliz, nəqliyyat, enerji, məlumat bağlantısı, ticarət və tranzit imkanlarının inkişaf etdirilməsi ilə bağlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Beləliklə, Vaşinqtonda sülhlə nəqliyyat məsələsinin eyni siyasi gündəlikdə birləşməsi təsadüfi deyil. Çünki Cənubi Qafqazda dayanıqlı sülhün iqtisadi dayaqları olmalıdır. Nəqliyyat dəhlizləri, ticarət, enerji və investisiyalar regional sabitliyi gücləndirən mühüm amillərdir.

Bütün bu hadisələrin arxasında Prezident İlham Əliyevin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri – davamlılıq və ardıcıllıq dayanır.

Bu siyasətin mahiyyətini bir neçə istiqamətdə ümumiləşdirmək olar: milli maraqların prioritetliyi, dövlət suverenliyinin qorunması, beynəlxalq hüquqa istinad, hərbi və iqtisadi güc amillərinin paralel inkişaf etdirilməsi, diplomatik manevr imkanlarının genişləndirilməsi və ən əsası, əldə olunmuş nəticələrin siyasi-hüquqi müstəvidə möhkəmləndirilməsi.

Bu mənada Vaşinqton görüşü yalnız diplomatik protokol hadisəsi deyil, Cənubi Qafqazda yeni siyasi arxitekturanın formalaşmasının mühüm mərhələsidir.

Prezident İlham Əliyevin 2026-cı ilin mayında aldığı məktubda Donald Trampın da qeyd etdiyi kimi, 2025-ci ilin avqustunda Vaşinqtonda başlayan proses sonrakı dövrdə strateji tərəfdaşlığın dərinləşməsinə, regional bağlantı və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə gətirib çıxarıb.

Azərbaycanın qarşısında indi yeni mərhələ dayanır. Bu mərhələnin əsas vəzifələri əldə edilən sülh gündəliyinin tam hüquqi nəticəyə çevrilməsi, regional kommunikasiyaların reallaşdırılması, Azərbaycan–ABŞ strateji tərəfdaşlığının konkret layihələrlə zənginləşdirilməsi və Cənubi Qafqazın uzunmüddətli sabitlik məkanına çevrilməsidir.

Vaşinqtonda 8 avqust 2025-ci ildə atılan addımlar isə bu yolun mühüm başlanğıc nöqtələrindən biri kimi tarixdə öz yerini artıq müəyyənləşdirib. Əldə olunan uğurlar isə bir başa Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü, Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsi kimi səciyyələndirilir.

Məqsəd Rəhimov – AZERFAX.az-ın baş redaktoru

Related Articles

Bir cavab yazın

Back to top button