Region

Daşkəsəndə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd edilib

Aprelin 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, YAP Daşkəsən rayon təşkilatının, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən geniş məruzə ilə çıxış edib. O, çıxışında deyib:

– Bu gün biz müasir Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında əvəzsiz xidmətləri olan, yüksək mənəviyyatı və elmi fəaliyyəti ilə xalqımızın qəlbində əbədi iz qoymuş unudulmaz alim,  görkəmli ictimai xadim, həkim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünü qeyd etmək üçün toplaşmışıq.

Ömrünü insanlara işıq bəxş etməyə həsr etmiş Zərifə xanım Əliyeva təkcə Azərbaycanın deyil, bütün dünya oftalmologiya elminin görkəmli simalarından biri kimi tanınır. O hələ 20-ci əsrin ortalarında elmdə öz sözünü deməyi bacarmış, tibb sahəsində nüfuzlu araşdırmaları ilə beynəlxalq elmi ictimaiyyətin böyük rəğbətini qazanmışdır.

Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan şəhərində görkəmli dövlət və ictimai xadim, professor Əziz Əliyevin ailəsində dünyaya gəlmişdir. Valideynləri Zərifə xanımın təhsilinə və mənəvi inkişafına xüsusi diqqət yetirmiş, ona vətənə, xalqa və insanlığa xidmət ruhu aşılamışdır.

Zərifə xanım Əliyeva orta təhsilini başa vurub 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. O, ali təhsilini başa vurduqdan sonra Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirmişdir.

Zərifə xanım Əliyeva əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlamış və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edərək, böyük elmi məktəb yaratmışdır.

1940-50-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, effektiv müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi fəaliyyətinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparır. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin müalicəsində uğurlu nəticələrə nail olur. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir.  Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olunur və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayır.

Zərifə xanım Əliyeva oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyasını dərindən tədqiq etmişdir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olmuşdur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazmışdır. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı ilə təltif olunmuşdur. Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın alim idi.

Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir.

Akademik Zərifə xanım Əliyevanın həyatı Azərəbaycan tibb elminə həsr olunmuş əsl fədakarlıq nümunəsidir. Onun oftalmologiya sahəsində apardığı tədqiqatlar, xüsusilə peşə xəstəliklərinin profilaktikası və müalicəsi üzrə araşdırmaları bu sahəyə yeni nəfəs gətirmişdir. O, görmə orqanının yaşa və iş şəraitinə görə dəyişməsini elmi əsaslarla təhlil etmiş, praktik səhiyyəyə tətbiq edilə bilən dəyərli metodlar irəli sürmüşdür.

Zərifə xanım Əliyeva müəllimlik fəaliyyətinə, yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun elmi rəhbərliyi altında müdafiə olunmuş dissertasiyalar, yetişdirdiyi alimlər bu gün də ölkənin müxtəlif tibb müəssisələrində fəaliyyət göstərirlər.

Oftalmologiya səhəsindəki elmi irsi olduqca zəngindir. Göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə xanım Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuşdur.

Zərifə xanım yalnız alim, həkim deyildi. O, yüksək mənəviyyata, əxlaqi bütövlüyə malik insan idi. Əsl ziyalıya xas olan sadəlik, təvazökarlıq, insana dərin sevgi onun təbiətində idi. Xəstələrinin ona göstərdiyi hörmət, tələbələrinin onunla qürur duyması, onu tanıyan hər kəsin dilindən düşməyən gözəl xatirələr Zərifə xanımın necə yüksək bir şəxsiyyət olduğunu göstərir.

Zərifə xanım Əliyeva həm də böyük bir ailənin mənəvi dayağı olmuşdur. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı idi. Onların birgə həyatı – sevgi, qarşılıqlı hörmət, dəstək və anlayışın təcəssümüdür. Eyni zamanda xalqına, dövlətinə fədakarcasına xidmət edən iki böyük vətənpərvər nəcib insanın birliyindən doğan dostluq, həmrəylik və mənəvi tamamlamadır.

Zərifə xanım həm də övladlarına bağlı qayğıkeş bir ana idi. O, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin anasıdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük.  Səhiyyə sahəsində qazanılan nailiyyətlərdə Heydər Əliyev Fondunun, onun prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük zəhməti vardır. Ümumiyyətlə, Mehriban xanımın ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı üçün gördüyü işlər, Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi humanitar layihələr xalqımız tərəfindən yüksək qiymətləndirilir və eyni irsin davamı olaraq minnətdarlıqla qarşılanır.

Beləliklə, ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi Zərifə xanımın adı ilə əbədiləşir. 

Biz, Daşkəsənlilər də Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünü böyük ehtiramla qeyd edirik və onun müqəddəs nurlu xatirəsini dərin məhəbbətlə anırıq.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında deyib ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva həmişə özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının yüksək mənəvi keyfiyyətlərini yaşadırdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi.

  Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mirzəkərim Tağıyev isə akademik Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, fundamental əsərlərinin Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil etdiyini, keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib.

Sonda akademik Zərifə xanım Əliyevanın zəngin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub və “Akademik Zərifə xanım Əliyeva – 102” adlı kitab sərgisinə baxış keçirilib.  

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button