ABŞ-ın İranla bağlı 15 bəndlik sülh planı AÇIQLANDI

Amerikanın İranla bağlı 15 bəndlik sülh planının məzmunu məlum olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Qərb mənbəsinə istinadla İsrailin “12”ci kanalı məlumat yayıb.
Plana əsasən, Vaşinqton Tehrandan mövcud nüvə potensialını ləğv etməyi tələb edir. İran nüvə silahına sahib olmaq imkanından tamamilə imtina etməlidir. Ölkə ərazisində uranın zənginləşdirilməsi həyata keçirilməyəcək.
ABŞ təkid edir ki, İran 60%-ə qədər zənginləşdirilmiş təxminən 450 kiloqramlıq uran ehtiyatını MAQATE-yə təhvil versin, həmçinin Nətənz, İsfahan və Fordodakı nüvə obyektlərini ləğv etsin. Bununla yanaşı, Tehran ölkə ərazisində MAQATE üçün tam giriş, şəffaflıq və nəzarət imkanlarını təmin etməlidir.
İranın raket proqramı raketlərin sayı və uçuş məsafəsi baxımından məhdudlaşdırılmalı, Tehranın raket silahlarına gələcəkdə yalnız özünümüdafiə funksiyaları saxlanılmalıdır.
Vaşinqton, həmçinin İrandan regional qruplaşmaların maliyyələşdirilməsini və silahlandırılmasını dayandırmağı tələb edir. Hörmüz boğazı açıq qalmalı və azad dəniz dəhlizi kimi fəaliyyət göstərməlidir.
Bunun müqabilində ABŞ İslam Respublikasına bütün beynəlxalq sanksiyaların ləğv ediləcəyini və mülki nüvə proqramının, o cümlədən Buşəhr atom elektrik stansiyasının inkişafına kömək göstəriləcəyini vəd edir.
Martın 25-də “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla ABŞ hakimiyyətinin İrana Yaxın Şərqdəki münaqişəni dayandırmaq üçün 15 bəndlik plan göndərdiyi barədə məlumat yayıb.
Hüseyn İabadlı



