Axırki Orbanı anlayan tapıldı – “Onun mövqeyində olsaydım…”

İtaliyanın Baş naziri Ciorcia Meloni, özü Kiyevə 90 milyard avro məbləğində kreditin ayrılmasını dəstəkləsə də, Macarıstanın Baş naziri Viktor Orbanın vetosunu başa düşdüyünü bildirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Politico” beş avropalı mənbəyə istinadla məlumat yayıb.
Qeyd edilib ki, Meloni tərəfdaşları ilə söhbətində Orbanın vetosuna anlayışla yanaşdığını bəyan edib.
Nəşrin məlumatına görə, İtaliyanın Baş naziri macarıstanlı həmkarının hərəkətlərini “normal” adlandırıb, həmçinin etiraf edib ki, əgər Orbanın mövqeyində olsaydı, o da eyni cür davranardı.
“Politico” qeyd edib ki, mənbələrin heç biri iclas zalında olmayıb; orada yalnız liderlər iştirak edib və onlar daha sonra baş verənlər barədə nəşrin həmsöhbətlərinə danışıblar.
“İtaliya hökumətinin nümayəndələri Baş nazirin belə bir bəyanatla çıxış etdiyini təkzib edirlər”, – deyə nəşrdə bildirilir.
Ötən gün Macarıstan və Slovakiyanın Avropa İttifaqı (Aİ) sammitinin 90 milyard avro məbləğində hərbi maliyyələşdirmənin və Rusiya Federasiyasına qarşı 20-ci sanksiya paketinin təsdiqlənməsi barədə qərarını bloklayıb.
Hüseyn İbadlı



