Binəqədidə güclü yanğın məhdudlaşdırıldı – VİDEO/YENİLƏNDİ

Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
AZERFAX.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.
Onun sözlərinə görə, yanğının digər bitişik obyektlərə yayılmasının qarşısının alınması istiqamətində FHN tərəfindən təxirəsalınmaz tədbirlər görülüb: “Hadisə yerində xəsarət alan olmayıb. Baş verən yanğın 540 kv. m. ərazini əhatə edib. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir”.
xxx
23:55
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində FHN tərəfindən təxirəsalınmaz tədbirlər görülür.
Bu barədə AZERFAX.AZ-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərlərinin qüvvələri ərazidə yanğınsöndürmə və müvafiq təhlükəsizlik tədbirlərini fasiləsiz davam etdirir.
Eyni zamanda, FHN-in əməkdaşları sahibkarlara mallarını yanğın baş verən ərazidən təhlükəsiz şəkildə çıxarmalarına lazımi köməklik göstərir. Əlavə məlumat veriləcək..
xxx
23:00
Bakının Binəqədi rayonu ərazisində mebel sexində baş vermiş yanğınla bağlı yolda hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunur.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, baş vermiş hadisə ilə əlaqədar Post-Patrul Xidməti və yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib. Görülən zəruri tədbirlər nəticəsində yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudlaşma yoxdur.
Hadisə yerində olan “Report”un əməkdaşı xəbər verir ki, hazırda sahibkarlar mallarını yanğın baş verən ərazidən çıxarırlar. Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.
xxx
21:12
Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Bu barədə AZERFAX.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.
xxx
21:01
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZERFAX.AZ-a FHN-dən məlumat verilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.



