Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
AZERFAX.AZ xəbər verir ki, Od çərşənbəsi Novruz bayramının ikinci çərşənbəsidir.
Bu çərşənbədə hər kəs öz həyətində ocaq qalayır, odun alovunda niyyət edir, sağlamlıq və ruzi-bərəkət diləyir. İnsanlar inanırlar ki, tonqalın üzərindən tullanan hər kəs uğursuzluqlardan qurtulur, yeni ilə təmiz ruhla qədəm qoyur.
Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalayarlar. Buna səbəb həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun. Oddan tullananda deyərlər – “Ağırlığım, uğurluğum odda yansın!”
Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı günləri olaraq müəyyən edilib.
Martın 10-da Yel çərşənbəsi, martın 17-də isə Torpaq çərşənbəsi qeyd olunacaq.



