Deputat: “Kimlərsə, bunda özü üçün mesaj axtarırsa, getsin axtarsın”

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
AZERFAX.AZ müsahibəni oxuculara təqdim edir:
– Rasim müəllim, ABŞ-nin vitse-prezidentinin bölgəyə səfəri regional və qlobal miqyasda nəyi ifadə etdi? Ağ ev rəsmisinin bölgəyə gəlişinə reaksiyalar necə oldu?
– Əslində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfərindən kimlərinsə narahat olması üçün heç bir əsas yoxdur. Hətta Rusiyanın belə bu narahatlığı rəsmi səviyyədə bildirməsi üçün əsaslara malik deyil. Təbii ki, narahatdırlar, susurlar və bu onların xoşuna gəlmir. Azərbaycan isə bu baxımdan Rusiya qarşısında hesabat verən və onunla kimin gəlib-getdiyini razılaşdıran tərəf deyil. Vensdən öncə Dik Çeyni (2008-ci ildə Corc Buş administrasiyasının vitse-prezidenti – red.) Azərbaycanda səfərdə olub. 2012-ci ildə ABŞ-nni sabiq dövlət katibi Hillari Klinton Сənubi Qafqaza səfəri çərçivəsində Bakıya gəlmişdi. Bu isə normal bir haldır.
– ABŞ-nin Cənubi Qafqazla bağlı strategiyası nədən ibadətdir?
– Ağ Evin bu bölgə ilə bağlı maraqları, planları var. Azərbaycan və Ermənistan müstəqil dövlətlər kimi kiminlə əməkdaşlıq etməklə bağlı özləri sərbəst şəkildə qərarlar verirlər.
– Sülh prosesi və Zəngəzur dəhlizinin (Tripp layihəsi) reallaşmasına Vensin səfəri necə təsir edə bilər?
– İndiki situasiyada bu fəaliyyətə start verilməlidir. ABŞ Zəngəzur dəhlizinin (Tripp layihəsi) reallaşması üçün 150 milyon dollar vəsait ayırıb. Bu vəsait heç də Ermənistanın dövlət büdcəsinə köçürülmək üçün verilməyib. Konkret olaraq, bununla bağlı qurum yaradılıb və burada bölgü ilə 26 faiz Ermənistana, 64 faiz isə ABŞ-nin payına düşüb. Hətta bununla bağlı fondun yaradılması fikri də səslənmişdi. Bu fondda ABŞ-nin dövlət xətti və öz vəsaitləri toplanacaq. Məqsəd dəhlizlə bağlı layihənin maliyyələşməsini təmin etməkdir. Bununla da konkret fəaliyyətlə bağlı qərarlar verilib.
– Azərbaycanın ABŞ ilə sıx əməkdaşlıq fonunda əldə edəcəyi dividentlər nələrdir?
– Sözsüz ki, hər şeyə kiməsə mesaj göndərmək üçün yanaşmaq olmaz. Azərbaycanın inkişafı ilə bağlı dövlətin rəhbərliyinin açıq konsepsiyası var. Kimlərsə, bunda özü üçün mesaj axtarırsa, getsin axtarsın. Bu gün müasir, rəqəmsal, DATA texnologiyaları və digər bu istiqamətdə olan məsələlərdə ABŞ öndə gedən ölkələrdəndir. Bununla bağlı ABŞ ilə rəqabət aparacaq dövlət yoxdur. Eyni zamanda Azərbaycanda və Ermənistanda bu istiqamətdə rəqabət təklif edən ölkə mövcud deyil. Bu gün dünya ölkələri kimi Azərbaycan da bununla məşğul olmaq fikrindədir.
– Bunun üçün Azərbaycan hansı imkanlara malikdir?
– Prezident İlham Əliyev də bəyan etdi ki, bizim həmin DATA mərkəzlərini təmin etmək üçün kifayət qədər enerji imkanlarımız mövcuddur. Azərbaycan da bu istiqamətdə öz işlərini həyata keçirəcək. Ölkəmiz heç kəsdən bununla bağlı nə icazə alacaq, nə də onların kefinin pozulub-pozulmaması ilə maraqlanmaq niyyətimiz var.



