Elektron siqaret istifadəçilərinə bəd xəbər: Tamamilə qadağan edilir

Rusiyanın Sənaye Məhsullarının Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkədə elektron siqaretlərin, veyplərin və onlar üçün nəzərdə tutulan mayelərin satışının tamamilə qadağan edilməsi təşəbbüsünü dəstəkləyib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Komissiyanın keçirdiyi iclasın nəticələrinə əsasən, yaxın vaxtlarda müvafiq qanun layihəsinin hazırlanacağı gözlənilir.
Toplantının əsas məqsədi bazarda nikotin çatdırılma sistemlərinə nəzarətin gücləndirilməsinin müzakirəsi olsa da, ekspertlər bu məhsulların ümumiyyətlə qadağan edilməsinin vacibliyi barədə vahid qərara gəliblər.
Məhdudiyyətlərin konkret hansı cihazlara şamil ediləcəyi isə hələlik dəqiq deyil.
Qeyd edək ki, qərarın verilməsində son elmi araşdırmalar böyük rol oynayıb. Laboratoriya sınaqları zamanı tütün qızdırıcı sistemlərdən ayrılan aerozolun ağciyər toxumasının strukturuna cavabdeh olan hüceyrələrə (fibroblastlara) dağıdıcı təsiri sübut edilib. Araşdırmalar göstərib ki, bu duman hüceyrələrin qocalması ilə bağlı genlərin fəaliyyətini sürətləndirir, yəni orqanizmi daxildən sürətlə qocaldır.
Adəm



