FİFA Elxan Məmmədovdan başqa hamının maaşını açıqladı: İnfantino nə qədər qazanır?

FİFA prezidenti Canni İnfantinonun 2025-ci ildə vergilər çıxılmadan əsas maaşı 2,6 milyon İsveçrə frankı, dəyişən (bonus) hissəsi isə 2,2 milyon frank təşkil edib.
AZERFAX.AZ xəbər verir ki, ümumilikdə onun gəliri 4,8 milyon franka (təxminən 4,9 milyon avro) çatıb. Bu barədə FİFA-nın 30 aprel tarixində Vankuverdə keçiriləcək 76-cı konqresi üçün hazırladığı sənədlərdə qeyd olunub.
Əvvəlki iki ildə – 2023 və 2024-cü illərdə İnfantinonun bonus hissəsi 1,65 milyon frank olub.
FİFA-nın baş katibi Matias Qrafströmun əsas maaşı 1,56 milyon frank, bonus hissəsi isə 0,84 milyon frank təşkil edib. Ümumilikdə bu məbləğ 2,4 milyon franka (təxminən 2,45 milyon avro) bərabərdir.
FİFA-nın baş vitse-prezidenti və eyni zamanda konfederasiya prezidentləri olan vitse-prezidentlər illik (vergilərdən sonra) 300 min dollar kompensasiya alırlar. Konfederasiya prezidenti olmayan vitse-prezidentlər və FİFA Şurasının üzvləri isə ildə 250 min dollar kompensasiya əldə edirlər. Bəzi şura üzvləri təyinat müddətində bu məbləğin bir hissəsindən və ya tamamilə imtina ediblər. Bundan əlavə, hər biri xidməti vəzifələrini yerinə yetirərkən gündəlik 250 dollar, əgər səhər yeməyi və nahar və ya şam xərcləri FİFA tərəfindən qarşılanırsa, 150 dollar məbləğində ödəniş alır.
Hazırda FIFA-da bir baş vitse-prezident, yeddi vitse-prezident və 27 şura üzvü fəaliyyət göstərir.
FİFA-nın daimi komitələrinin rəhbərlərinə də kompensasiya (maaş) verilir. Məsələn, Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın illik əsas maaşı (vergilər çıxılmadan əvvəl) 215 min dollar təşkil edir.
Maraqlıdır ki, FİFA qurumda Avropa Milli Assosiasiyaları Departamentinin direktoru vəzifəsində çalışan azərbaycanlı, AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun məvacini açıqlamayıb.
Heybət



