AZERFAX TV

Fransaya müharibə elan edildi

Nigerdə hakimiyyətdə olan hərbi xuntanın lideri Abduraxman Çianinin xüsusi qərargah rəisi Amadou İbro ölkəsinin Fransa ilə müharibə vəziyyətinə daxil olduğunu bəyan edib.

AZERFAX.AZ “Jeune Afrique” nəşrinə istinadla xəbər verir ki, bu açıqlama Niamey şəhərindəki stadionda gənclər qarşısında edilən çıxış zamanı səsləndirilib.

Amadou İbro çıxışında bu sözləri qeyd edib:

“Bilin ki, biz Fransa ilə müharibəyə giririk. Əvvəllər müharibə vəziyyətində deyildik, amma indi Fransa ilə müharibəyə başlayırıq.”

O, həmçinin əlavə edib ki, Niger hökuməti tərəfindən 2025-ci ilin dekabrında qəbul edilmiş “ümumi səfərbərlik” haqqında fərmanın əsas məqsədi məhz Fransa ilə mümkün hərbi qarşıdurmaya hazırlaşmaqdır.

Fransa tərəfi isə bu bəyanatlara dərhal reaksiya verib. Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi polkovnik Giyom Vernet bu iddiaları rədd edib. O, Nigerə hər hansı bir fransız müdaxiləsinin müzakirə mövzusu olmadığını və bu cür bəyanatların “informasiya müharibəsi”nin bir hissəsi olduğunu bildirib.

Xatırladaq ki, 2025-ci ilin sonunda Nigerin Nazirlər Şurası ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə əhalinin, əmlakın və xidmətlərin səfərbər olunmasını nəzərdə tutan fərman layihəsini təsdiqləyib. 2023-cü il çevrilişindən sonra Nigerdəki hərbi rejim Fransa ilə hərbi əməkdaşlığı dayandırıb və fransız qoşunlarının ölkədən çıxarılmasına nail olub.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button