Hakan Fidandan Avropaya XƏBƏRDARLIQ – “Güc mərkəzlərinin orbitində fırlana bilərik”

“Avropa öz müdafiə potensialını artırmalıdır, əks halda müxtəlif dövlətlərdən və güc mərkəzlərindən asılı vəziyyətə düşə bilər”.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“NATO, şübhəsiz ki, transatlantik ictimaiyyət üçün təhlükəsizlik sahəsində əsas əməkdaşlıq strukturu olaraq qalır və həm Avropanın, həm də ABŞ-ın maraqlarına xidmət edir. Lakin ABŞ ilə Avropa arasında uçurum yaranarsa, Avropa bu və ya digər şəkildə öz müdafiə potensialını artırmalıdır”, – deyə Fidan vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqında müdafiə sənayesi sahəsində artıq müəyyən addımlar atılır, lakin bu kifayət deyil. Nazir bildirib ki, Böyük Britaniya, Türkiyə və aparıcı Avropa ölkələri Avropa üçün yeni təhlükəsizlik sisteminin yaradılması ilə bağlı ciddi müzakirələr aparmalıdırlar.
“Əgər regionda kollektiv təhlükəsizlik potensialımız olmazsa, müxtəlif dövlətlərin və güc mərkəzlərinin orbitində fırlanacağıq. Avropa öz güc mərkəzini yarada bilər. Əgər Böyük Britaniya, Türkiyə, Fransa, Almaniya və digər iri Avropa ölkələri müstəqil qərarlar qəbul edə bilsələr, transatlantik alyansa, Çinə və ya Rusiyaya doğru sürüklənməyə ehtiyac qalmayacaq”, – deyə Fidan əlavə edib.
Fidan qeyd edib ki, NATO hazırda effektiv fəaliyyət göstərə bilir və təhlükəsizlik sahəsində əsas əməkdaşlıq platforması olaraq qalır. Bununla yanaşı, transatlantik ictimaiyyətdə mövcud olan “ciddi problemlər” alyansın strukturunda dəyişikliklərə işarə edir.
Bundan əvvəl Türkiyə Avropa ölkələrinə gələcək təhlükəsizlik arxitekturasını birgə müzakirə etməyi təklif etmişdi.
Hüseyn İbadlı



