İrana hücum “12 günlük müharibə”dən niyə fərqlənir?

İrana hücumu 12 günlük müharibədən fərqləndirən cəhətlər diqqətçəkəndir.
Birincisi, hücumun miqyası daha genişdir: məlumata görə, İranın 20 əyalətində hədəflərə zərbələr endirilib;
– təkcə hərbi obyektlər yox, hərbi-siyasi rəhbərliyin qərargahları, eləcə də mülki hökumət binaları da hədəfə alınıb;
– hədəflər arasında İranın enerji və lojistik infrastrukturu də yer alır;
– hərbi hücumlara paralel olaraq, kiberhücumlar da təşkil edilir;
Məqsəd İranın cavab imkanlarını məhdudlaşdırmaq, koordinasiyanı pozmaqla idarəetmədə xaos yaratmaq və rejimi küncə sıxışdırmaqdır.
İkincisi, 12 günlük müharibədən fərqli olaraq, bu dəfə birbaşa Xamenei ilk hədəflərdən birinə çevrildi: dini liderin qərargahının darmadağın edilməsi onun öldürülməsi qərarının verildiyi deməkdir və bu, rejim dəyişikliyi planının prioritet olduğunu göstərir;
Üçüncüsü, Tramp və Netanyahu “hakimiyyəti İran xalqına vermək istədiklərini” bəyan ediblər: əvvəlki müharibədə Təl-Əvivdən fərqli olaraq, Vaşinqton rejim dəyişikliyi məsələsində tərəddüd edirdi, indi mövqelər eyniləşib;
Dördüncüsü, hücumların miqyası və Trampın açıqlamaları, xüsusilə İran xalqına “işimizi bitirəndə siz hakimiyyəti əlinizə alacaqsınız, bu son şansınızdır” müraciəti rejim devrilənə qədər müharibəni davam etdirmək istədiklərini göstərir;
Beşincisi, Vaşinqton və Təl-Əviv administrasiyaları bu hücumları İran planına nail olmaqda “sonuncu şans” kimi görürlər;
Bütün bunlar müharibənin daha uzunmüddətli olacağı gözləntilərini yaradır.
Asif Nərimanlı



