Keçmiş prezidentin cəzası müvəqqəti olaraq yumşaldıldı

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro səhhəti ilə əlaqədar ev dustaqlığına keçiriləcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.
Müvafiq qərarı Braziliya Ali Məhkəməsinin üzvü Aleşandri di Morais qəbul edib. Qərara əsasən, Bolsonaro xəstəxanadan çıxdıqdan sonra bronxopnevmoniyadan sağalmaq üçün 90 gün ərzində ev dustaqlığında qalacaq. Bu müddət bitdikdən sonra eks-prezidentin ev dustaqlığı şərtlərinə yenidən baxılacaq.
Yanvarın 8-də məlum olub ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva Bolsonaronun cəza müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verən qanun layihəsinə veto qoyub.
Ötən il noyabrın sonunda Bolsonaro dövlət çevrilişinə cəhd və cinayətkar birliyə rəhbərlik etməkdə ittiham olunaraq 27 illik həbs cəzasını çəkmək üçün həbsxanaya yerləşdirilmişdi. Məhkəmə keçmiş dövlət başçısına hökmü sentyabrda oxuyub.
Keçmiş prezidentin təqsirli bilinməsi barədə qərarı Ali Məhkəmənin beş hakimindən üçü dəstəkləyib.
Hüseyn İbadlı



