Məşhur məşqçi xəstəxanaya yerləşdirildi

“Real”ın və Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqo ağciyər infeksiyası səbəbindən reanimasiyaya yerləşdirilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
73 yaşlı mütəxəssis Palmas şəhərində yerləşən özəl xəstəxanaya hospitalizasiya olunub. Tibbi hesabatda onun vəziyyətinin stabil olduğu, şüurunun aydın qaldığı, tənəffüs və arterial təzyiq göstəricilərinin normal olduğu, əlavə müayinələrin aparıldığı bildirilib.
Vanderley Luşemburqo Braziliya çempionatının rekordçularından biridir. O, “Palmeiras”, “Korintians”, “Kruzeyro” və “Santos” klubları ilə birlikdə A Seriyasında 5 çempionluq qazanıb. Bundan əlavə, o, Braziliya Kubokunu və bir sıra ştat çempionatlarını qazanıb, 1999-cu ildə isə IFFHS versiyasına görə milli komandalar arasında ilin ən yaxşı məşqçisi seçilib.
1998–2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olan Luşemburqo 1999-cu ildə Kopa Amerika turnirinin qalibi olub. Avropada isə o, 2004–2005-ci illərdə “Real”a rəhbərlik edib.
Son olaraq 2023-cü ildə “Korintians”da çalışan mütəxəssis hazırda siyasətlə məşğuldur və Tokantins ştatından senator seçkilərində iştirak etməyi planlaşdırır. Bunun üçün o, Podemos partiyasına qoşulub.



