Messi karyerasının 900-cü qolunu vurdu, amma…

KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “İnter Mayami” öz meydanında “Neşvill”i qəbul edib.
AZERFAX.AZ xəbər verir ki, görüşə sürətli başlayan meydan sahibləri hesabı artıq 7-ci dəqiqədə açıblar. Komandanın ulduz hücumçusu Lionel Messi fərqlənərək karyerasında əlamətdar bir göstəriciyə imza atıb. Argentinalı futbolçu peşəkar karyerasında 900-cü qolunu vurub.
Lakin oyun “İnter Mayami” üçün arzuolunan şəkildə yekunlaşmayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk oyun 0:0 hesabı ilə bitdiyi üçün turnirdə tətbiq olunan səfər qolu qaydasına əsasən, qonaqlar növbəti mərhələyə yüksəliblər. Beləliklə, “Neşvill” sensasiyaya imza ataraq “İnter Mayami”ni turnirdən kənarlaşdırıb.
Qeyd edək ki, Lionel Messi “Barselona”da 672, PSJ-də 32, “İnter Mayami”də 81, Argentina millisində isə 115 qol vurub.
Əlavə edək ki, hazırda futbol tarixinin ən məhsuldar bombardiri argentinalı ulduzun əzəli rəqibi Kriştiano Ronaldodur. Onun aktivində bu günə qədər 965 qol var.
Heybət



