Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

9–13 fevral 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.
AZERFAX.AZ xəbər verir ki, sessiya çərçivəsində fevralın 11-də “Ordubad Tarix-Memarlıq Qoruğu”nun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin siyahısına daxil edilmişdir.
Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 21 fevral 2024-cü ildə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılmışdır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir.
Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.
Qədim Azərbaycan şəhərlərindən olan Ordubadın ICESCO-nun İlkin Siyahısına daxil edilməsi həmçinin 2026-cı ildə ölkəmizdə elan edilmiş “Şəhərsalma və Memarlıq İli”nə də mühüm töhfədir.
Növbəti mərhələdə Mədəniyyət Nazirliyi tərəfindən nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində işlər aparılacaqdır.



