Yunanıstan sahillərində 22 miqrant həlak oldu

Yunanıstan sahillərində miqrantları daşıyan qayıqda azı 22 nəfər həlak olub.
AZERFAX.AZxarici mediaya istinadla xəbər verir ki, hadisə Krit adası yaxınlığında baş verib. Avropa Sərhəd Mühafizəsi Agentliyinin gəmisinin heyəti 26 nəfəri xilas edib.
Xilas edilənlər arasında bir qadın və bir azyaşlı da var. Tibbi yardıma ehtiyacı olan şəxslər xəstəxanalara yerləşdirilib. Sağ qalanlardan iyirmi bir nəfərin Banqladeş, dörd nəfərin Cənubi Sudan, bir nəfərin isə Çad vətəndaşı olduğu bildirilir.
Qeyd olunur ki, qayıq martın 21-də Liviyanın şərqində yerləşən Tobruk şəhərindən yola düşüb. Altı gün davam edən səfər ərzində sərnişinlər qida və sudan məhrum qalıblar. Qayıqdakılar əlverişsiz hava şəraiti səbəbindən istiqaməti müəyyən edə bilməyərək açıq dənizdə qalıblar. Yunanıstan sahil mühafizəsi ölənlərin meyitlərinin insan alverçilərinin göstərişi ilə Aralıq dənizinə atıldığını bildirib.
Yunanıstan hakimiyyəti insan alverində şübhəli bilinən, Cənubi Sudan vətəndaşları olan iki nəfəri saxlayıb. Onlara qarşı sərhədi qanunsuz keçmə və ehtiyatsızlıqdan adam öldürmə ittihamları irəli sürülüb.



