Zərgərlik bazarında yeni tendensiya: Bu məhsula tələbat artır

Azərbaycanda qızıl bazarı uzun illərdir həm investisiya, həm də zərgərlik sektorunda mühüm rol oynayır. Statistik məlumatlara əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 4,5 milyard ABŞ dolları dəyərində 44,4 ton qızıl idxal olunub. Eyni dövrdə ölkədə yalnız 2,6 ton qızıl istehsal edilib. Bu rəqəmlər göstərir ki, daxili istehsal idxaldan xeyli geri qalır və bazar əsasən xarici məhsullara yönəlmiş vəziyyətdədir.
Bu isə bir sıra vacib sualları gündəmə gətirir: Azərbaycanda hansı ölkələrin qızılına böyük tələbat var? Ölkələrin qızılları hansı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir? İdxalı azaltmaq imkanlarımız varmı? Yerli zərgərlərin məhsuldarlığı necədir, onların məhsullarına tələbat varmı?
İdxalda lider ölkələr
“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirir ki, idxal statistikasına əsasən, Azərbaycana qızıl Rusiya, Türkiyə, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya və Qazaxıstan kimi ölkələrdən gətirilir: “Bu ölkələr qızıl hasilatı, emalı və ticarəti sahəsində dünya bazarında əhəmiyyətli mövqeyə malikdir. Xüsusilə İsveçrə və Böyük Britaniyadan idxal olunan qızıl əsasən bank külçələri və investisiya məqsədli məhsullar kimi istifadə olunur. Türkiyə və İtaliya qızılı daha çox zərgərlik sənayesi üçün nəzərdə tutulur. Rusiya və Qazaxıstan isə Azərbaycana əsasən xammal və yarımemal qızıl tədarük edən ölkələr sırasında yer alır”.
Özünəməxsus xüsusiyyətlər
Ekspertin sözlərinə görə, qızılın mənşə ölkəsi onun keyfiyyət göstəricilərinə, emal texnologiyasına və istifadə sahəsinə birbaşa təsir göstərir: “Məsələn, İsveçrə qızılı yüksək saflığı (99,99%) və beynəlxalq sertifikatlaşdırma standartlarına uyğunluğu ilə tanınır. Bu səbəbdən İsveçrə külçələri əsasən maliyyə qurumları və investisiya məqsədli alıcılar üçün cəlbedici hesab olunur. Türkiyə və BƏƏ qızılı dizayn müxtəlifliyi və zərgərlik məmulatlarının geniş çeşidi ilə seçilir. Bu ölkələrdən Azərbaycana əsasən hazır zərgərlik məmulatları idxal edilir. Region ölkələrində olduğu kimi, Azərbaycanda da türk və ərəb istehsalı olan zinət əşyalarına tələbat yüksəkdir. Satışda olan zərgərlik məhsullarının təxminən 3 faizi brend məmulatlardan ibarətdir ki, onlar da əsasən İtaliya və İspaniya mənşəlidir. Xüsusilə İtaliya qızılı incə işlənməsi, zərif dizaynı və premium seqmentdə tanınması ilə fərqlənir. BƏƏ qızılı qlobal ticarət mərkəzi funksiyasını daşıyır və qiymət baxımından rəqabət qabiliyyətli hesab olunur”.
Daxili istehsal yetərli deyil
Rövşən Əmircanov onu da vurğulayır ki, idxaldan asılılığın müəyyən qədər azaldılması mümkündür: “Qızıl idxalını qısa müddətdə tam şəkildə azaltmaq real görünmür. Bunun əsas səbəbi qızılın eyni zamanda investisiya aləti, zərgərlik xammalı və strateji ehtiyat kimi çoxşaxəli funksiyaya malik olmasıdır. Bununla belə, idxaldan asılılığın müəyyən qədər azaldılması mümkündür. İlk növbədə, daxili qızıl hasilatının artırılması vacib amillərdən biridir. Hazırda Azərbaycanda qızıl hasilatı həyata keçirilsə də, mövcud həcmlər daxili tələbatı tam ödəmək üçün yetərli deyil. Digər tərəfdən, yerli emal və zərgərlik sənayesinin inkişafı idxal olunan hazır məmulatların həcmini azaltmağa imkan verir. Bundan əlavə, alternativ investisiya alətlərinin genişləndirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi qızıla olan tələbatı müəyyən qədər zəiflədə bilər. Lakin mövcud şəraitdə qızıl idxalı Azərbaycanın iqtisadi və maliyyə sisteminin təbii və zəruri tərkib hissəsi olaraq qalmaqdadır”.
Milli ornamentli məhsullara tələbat yüksəkdir
Mütəxəssis yerli zərgərlik sənayesinin mövcud vəziyyətinə toxunaraq deyir ki, Azərbaycanda zərgərlik sənəti nəsildən-nəslə ötürülən, milli-mədəni dəyərlərlə sıx bağlı sahədir: “Yerli zərgərlər həm ənənəni qoruyur, həm də müasir dizayn trendlərinə uyğun məhsullar təqdim edirlər. Milli ornamentli və fərdi sifarişlə hazırlanmış məhsullar geniş tələb görür, zərgərlər müasir avadanlıq və kompüter dizayn proqramlarından istifadə edərək məhsulların keyfiyyətini və vizual cəlbediciliyini artırırlar. Müştərinin istəklərinə çevik yanaşma isə yerli istehsalın üstünlüyünü daha da artırır”.
Rövşən Əmircanov qeyd edir ki, son illərdə yerli zərgərlik məhsullarına maraq artır, idxal məhsullarının payı isə tədricən azalır. Bu tendensiya Azərbaycanın zərgərlik sektorunun öz potensialını gücləndirməyə başladığını göstərir və gələcəkdə yerli məhsulların bazarda daha da üstünlük qazanacağını göstərir.
Yerli məhsullar bazarda üstünlük təşkil edir
Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev bildirir ki, COVID-19 pandemiyasından əvvəl Azərbaycan zərgərlik bazarının təxminən 70 faizi idxal məhsullarına əsaslanırdı. “Pandemiya dövründə logistika problemləri və qapanmalar müəyyən dəyişikliklər yaratdı və yerli zərgərlik sənayesi üçün yeni imkanlar açdı. Həmin dövrdə həm vergi, həm də gömrük güzəştləri tətbiq olundu və yerli istehsal gücləndi. Hazırda bazarın təxminən 60 faizi Azərbaycan istehsalı olan zərgərlik məmulatlarından ibarətdir”, – deyə ekspert vurğulayır. Onun sözlərinə görə, qızılın qiymətinin artması, dünya miqyasında müharibələr və iqtisadi böhranlar həm xam qızıl, həm də hazır zərgərlik məmulatlarına tələbi artırır: “Azərbaycan həm xam qızıl ixrac edir, həm də idxal həyata keçirir. Çünki qiymət sürətlə artır və qızıl investorlar üçün cəlbedici alət hesab olunur”.
Bazarın inkişafı ləngiyə bilər
Mütəxəssis qızıl idxalını azaltmağı məqsədəuyğun saymır. Onun fikrincə, bu addım bazarda mənfi tendensiyalar formalaşdıra bilər: “Çünki idxal olunan ölkələrdə zərgərlik sənayesi yüksək səviyyədədir. Bu məhsullar yerli istehsal üçün rəqabət yaradır və daha fərqli dizaynların, yeni kolleksiyaların ərsəyə gəlməsini təmin edir. Yerli sənayeni stimullaşdırmaq vacibdir, lakin istehlakçının seçim imkanını məhdudlaşdırmaq doğru deyil”.(“Kaspi” qəzeti)



