Ölkə

ADAU-da Validə Tutayuqun 110 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycanın ilk qadın biologiya elmləri doktorlarından biri, botanika və bitkiçilik elminin inkişafında mühüm rol oynayan görkəmli alim Validə Tutayuqun anadan olmasının 110 illiyi münasibətilə anım tədbiri keçirilib.

AZERFAX.az xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardınca Validə Tutayuqun həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və onun Azərbaycan elminə verdiyi töhfələr barədə ətraflı məlumat təqdim olunub.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxış edərək Validə Tutayuqun ölkə elmi üçün misilsiz xidmətlərindən bəhs edib. Rektor qeyd edib ki, Validə Tutayuq həm yüksək elmi hazırlığı, həm də sahə həkimi kimi fəaliyyəti ilə Azərbaycan bioloji elminin tarixində silinməz iz qoyub. O, tələbələrin də gələcəkdə belə alimlərin yolunu davam etdirməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra tədbirdə Biologiya kafedrasının müdiri Arif Qaziyev, universitetin fəxri professoru və əməkdar müəllim Bəhman Əliyev, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Firudin Qurbanov, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri və AMEA-nın müxbir üzvü Vaqif Novruzov, həmçinin Ekologiya və meşəçilik kafedrasının müdiri, professor Nizami Seyidəliyev Validə Tutayuqla bağlı xatirələrini bölüşüblər. Onlar çıxışlarında alimlə uzun illər birgə fəaliyyətləri zamanı onun yüksək peşəkarlığını, tələbələrə göstərdiyi qayğını və institutun elmi mühitinin formalaşmasında mühüm rolunu vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button