ÖlkəSosial

Ailə büdcəsini necə idarə etməli?

Maliyyə sabitliyi nöqteyi-nəzərindən ən sərfəli ailə büdcəsi, qazandığımızdan az xərcləməyimizə imkan verən büdcədir. Bu büdcə vacib alışlar üçün pula qənaət etməyə imkan verir.

Məsələn, ailədə iki oğlan böyüyür, amma sizin iki otaqlı, 60-70 kv.m-lik bir mənziliniz var. Deməli, 15-20 ildən sonra sizin ikinci mənzil almağa ehtiyacınız yaranacaq. Hər ay 300-500 manat qənaət etməklə siz ildə 3600-6000 manat maliyyə ehtiyatı formalaşdıra bilərsiniz. Yox əgər ay ərzində qənaət etdiyiniz məbləğ daha çoxdursa və gəlirləriniz rəsmidirsə, siz elə bəri başdan dövlətin təklif etdiyi satış məqsədi ilə verilən kirayə mənzillər layihəsindən yararlana bilərsiniz. Həmin layihə üzrə aylıq ödəniş təxminən 600-700 manatdan başlayır. Siz mənzili bəri başdan əldə edib, onu sub-kirayəyə verə bilərsiniz ki, bu da dövlətə kirayə haqqının ödənilməsini yüngülləşdirə bilər. Digər tərəfdən, bu layihə üzrə ödənişlər eyni həcmli olur. Yəni siz 25 il hər ay eyni həcmdə məbləğ ödəyirsiniz, amma hər il inflyasiya gedir və sizin gəlirləriniz artır. Beləliklə, 10 ildən sonra aylıq ödənişiniz azı 50% real dəyərini itirir və maaşınız isə iki dəfə artır. Nəticədə, 10 ildən sonra sizin ödənişiniz rəmzi məbləğə çevrilir.

Büdcə kəsiri

Büdcədə xərclər gəlirdən çox olduqda büdcə kəsiri və ya büdcə defisiti (çatışmazlığı) yaranır. Defisitin həcmi nə qədər böyüyürsə, borca tələbat bir o qədər çoxalır və maliyyə vəziyyəti gərginləşir.

Bu, borc tələsinə səbəb ola bilər. Ona görə də siz belə vəziyyətə düşərkən ilk növbədə borcun yaranma səbəbini axtarın və onu aradan qaldırmağa çalışın. Situasiya müxtəlif ola bilər, amma hər bir situasiyadan çıxmaq üçün yol olduğuna özünüzdə psixoloji əminlik yaradın. Çıxış yolunu indicə itirdiyiniz əşya kimi axtarın. Yəni əmin olun ki, o var, sadəcə siz onu axtarıb tapmalısınız. Bunun üçün ağıllı saydığınız adamlardan məsləhət alın.

İlk növbədə bu kəsirin yaranma səbəbini dəqiqləşdirin.

Büdcə niyə kəsirə çevrilə bilər?

Gözlənilməz həyat vəziyyətləri (itirilmiş telefon, avtomobilin xarab olması və s.) yarana bilər ki, bu da ailə büdcəsinin kəsirinə səbəb gətirib çıxarır. Belə vəziyyətlərdə maliyyə intizamına malik olan ailələr kredit və qənaət vasitəsilə bir neçə aya vəziyyəti yenidən normallaşdıra bilər. Xərcləri hissə-hissə ödəmək mümkündürsə, siz kreditə girməyə də bilərsiniz. Ailə büdcəsinin hər ay yaranan profisitini (qalıq) borcun ödənilməsinə yönəltməklə vəziyyətdən çıxa və o qədər də çox xərcə düşməzsiniz. Ən azı bank faizlərindən qurtula bilərsiniz.

Hər bir vəziyyət üçün daha az itki ilə fərdi çıxış yolu mütləq var, siz buna əmin olun və ciddi cəhdlə onu axtarıb tapın.

Planlaşdırıla bilən xərclərə həmişə əvvəlcədən hazırlıq görün. Tutaq ki, hamı bilir ki, uşaqlar sentyabrın 15-də məktəbə gedəcək. Onlara məktəb xərcləri lazım olacaq. Ailə buna həmin ilin yanvarından hazırlaşmağa başlamalıdır ki, sentyabr ayında heç bir sıxıntı yaşanmasın. Digər gözlənilən xərclərə də ailə bu şəkildə əvvəlcədən hazırlıq görməlidir.

Əksər insanlar kortəbii, yəni impuls alış-verişə meyllidirlər. Bütün alıcıların 84%-i impuls alışlar edir. İstehlak mədəniyyəti, geniş seçim, psixoloji inanclar və təbii ki, reklam – bütün bunlar bizi düşünmədən alışlar etməyə vadar edir. Ona görə də ağıllı alıcı sahibkarların yaratdığı o axına qoşulmamalı, qablaşdırmaların bərq vuran parıltısı onları aldatmamalıdır. Həmin affekt vəziyyətindən çıxmaq üçün bir anlığa özünüzə etirafedici bir sual verin: “Bütün bu axın sahibkara məni ‘tələyə salmaq’ üçün lazımdır ki, ondan pul qazansın, bəs mənə nə lazımdır?” Bu sualın tərsi isə sizə lazım olandır: reklam və digər şirnikləndirici vədlərə inanmadan sizə nə lazım olduğunu müəyyən edin. Əslində siz bunu evdən alış-veriş üçün çıxanda etməli idiniz. Əgər evdə qərar qəbul etmisinizsə, qərarınıza əməl etməyə özünüzdə iradə tapın, evdən çıxarkən tərtib etdiyiniz siyahıdan kənara çıxmayın. Əmin olun ki, bütün reklamlar, dəbdəbəli vitrinlər, parıldayan qablaşdırmalar və zövqlə yığılmış mallar sizi əlinizdə olan siyahıdan kənar alışlara təhrik etmək üçün qurulmuş tələdir. İradəniz varsa, siz bu tələyə düşməyəcək, evdə təsdiqlədiyiniz siyahı üzrə malları alıb geri qayıdacaqsınız.

Büdcə kəsirinin qarşısını almaq üçün borc almadan gözlənilməz xərcləri ödəməyə kömək edəcək “təcili yardım fondu” və ya maliyyə təhlükəsizlik şəbəkəsi yaradın. Bu təhlükəsizlik fondu nə qədər böyük olarsa, bir o qədər yaxşıdır.

Yazı “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə büdcəsi quraq, daha varlı olaq” layihəsi çərçivəsində dərc edilir. (AZERFAX.AZ)

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button