Ölkə

Azərbaycan beynəlxalq platformalarda söz sahibidir


Yola saldığımız həftə Azərbaycanın siyasi həyatında bir sıra önəmli məqamlarla yadda qaldı. Xüsusilə Prezidentin Çin Xalq Respublikasına rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli hadisə oldu.

Səfər çərçivəsində siyasi dialoqun dərinləşməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıq müstəvisində yeni imkanların formalaşdırılması diqqət çəkdi. Bu, Azərbaycanın xarici siyasət kursunda balanslaşdırılmış və çoxşaxəli əməkdaşlıq xəttinin bariz nümunəsi kimi qiymətləndirilə bilər.



AZERFAX.AZ bu mühüm siyasi hadisələri şərh etməsi üçün millət vəkili Tural Gəncəliyev ilə həmsöhbət olub.

– Azərbaycanın bütün qonşuları ilə mehriban qonşuluq siyasəti yürütməsi regiondakı sabitliyə necə təsir göstərir?

Məlum olduğu kimi, Çində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində keçirilən tədbirlərdə Rusiya prezidenti yaxınlaşaraq Azərbaycan prezidenti ilə görüşdü.

Ümumilikdə, Rusiya–Azərbaycan münasibətlərinə və Azərbaycanın qonşuları ilə əlaqələrinə nəzər salsaq, görərik ki, ölkəmiz hər zaman bütün qonşuları ilə konstruktiv və mehriban qonşuluq siyasəti yürütmüşdür və bu siyasətə daim sadiq qalmışdır. O cümlədən Rusiyaya qarşı Azərbaycan heç vaxt gərginliyin yaranmasında maraqlı olmamış, əksinə, beynəlxalq hüquq çərçivəsində legitim gözləntilərə sahib olmuşdur. Bu gözləntilərin əsas məğzi ondan ibarətdir ki, həm qonşularımız, həm də tərəfdaşlarımız Azərbaycanın milli maraqlarına və beynəlxalq hüquqla müəyyən olunmuş prinsiplərə hörmətlə yanaşmalıdırlar.

Azərbaycanın qırmızı xətləri və milli maraqları mövcuddur. Bu maraqların kiçik bir hissəsinin belə pozulmasına ölkəmiz biganə qala bilməz. Məsələn, Rusiyada baş vermiş təyyarə qəzası və oradakı azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələrindən sonra Azərbaycan tərəfinin gözləntiləri tamamilə legitimdir. Buna görə də bütün qonşular anlamalıdır ki, Azərbaycan güclü, suveren və müstəqil siyasət aparan dövlətdir.

– Sadalanan prinsiplər əsasında konstruktiv dialoq hansı yollarla davam etdirilə bilər?

Azərbaycan milli maraqlarını elə formalaşdırmışdır ki, onlar digər dövlətlərin maraqlarına zidd deyil. Bununla belə, Azərbaycanın öz maraqlarını qorumaq hüququ birmənalıdır. Bu prinsip beynəlxalq hüququn və beynəlxalq ictimaiyyətin açıq şəkildə qəbul etdiyi bir yanaşmadır.

Ona görə də, beynəlxalq hüquq və beynəlxalq ictimaiyyət üçün aydın olan bu sadə prinsip çərçivəsində hərəkət etmək lazımdır. Ümidvarıq ki, münasibətlər Azərbaycanın bütün qonşuları ilə olduğu kimi, Rusiya ilə də konstruktiv şəkildə davam edəcək.

– Azərbaycanın müharibədən sonra sülh təşəbbüskarı kimi çıxış etməsi regionda sabitliyə necə təsir göstərir?

Son 30 ildə Azərbaycanın müdrikliyi ondan ibarət olmuşdur ki, bizə qarşı işğal siyasəti həyata keçirən Ermənistana hərbi meydanda layiqli cavab verdikdən, beynəlxalq diplomatik müstəvidə isə üstünlük qazandıqdan sonra ölkəmiz müdriklik nümayiş etdirərək Ermənistanla sülh müqaviləsinin imzalanması və sülhün qurulması istiqamətində ardıcıl siyasət aparmışdır. Bu gün də gördüyümüz kimi, Ermənistan yeni reallıqları qəbul edərək məhz Azərbaycanın yaratdığı həmin istiqamət üzrə addımlayır.

Eyni yanaşma Rusiya ilə münasibətlərdə də mümkündür. Mən hesab edirəm ki, burada da praqmatik çıxış yolu tapılacaq. Çünki qonşular anlamalıdırlar ki, Azərbaycan güclü, müstəqil və heç kimdən asılı olmayan siyasət yürüdür. Buna hörmət edilməli və bununla hesablaşılmalıdır.

44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, bu reallıq yalnız Ermənistana deyil, bütün dünyaya aiddir. Azərbaycanla heç kim güc dilində və ya tələb dilində danışa bilməz, danışmayacaq və danışmamalıdır.

– Azərbaycanın regional və qlobal siyasətdə artan rolunun gələcəkdə iqtisadi və təhlükəsizlik sahəsində hansı nəticələr verəcəyi gözlənilir?

Biz coğrafi baxımdan və əhali sayına görə regionun böyük ölkələri ilə müqayisədə kiçik görünə bilərik. Lakin Azərbaycanın siyasəti böyükdür və artıq qlobal səviyyəyə yüksəlmişdir. Bu gün Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında, BRİKS-də – hələ Qərb institutlarını qeyd etmirəm – söz sahibidir və hər kəs ölkəmizlə əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanın önəmi və dəyəri artdıqca, Rusiya da konstruktiv münasibətlər qurmaqda maraqlı olmalı və ölkəmizin legitim gözləntilərinə cavab verməlidir.

Hazırda bütün nəqliyyat-kommunikasiya xətləri Azərbaycandan keçir. Çin kimi nəhəng iqtisadi və siyasi gücə malik dövlət də ölkəmizə xüsusi önəm verir. Çünki Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik fonunda yeganə böyük dəhliz – Orta Dəhliz məhz Azərbaycan, o cümlədən Zəngəzur üzərindən reallaşır.

Bu səbəbdən hesab edirəm ki, biz hamımız ümumi məntiqlə çıxış edərək Azərbaycanın yeni, regional və qlobal səviyyədəki maraqlarını görməli, anlamalı və qəbul etməliyik. Bunu bütün qonşular, o cümlədən Rusiya da dərk etməli və qəbul etməlidir.

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button