Ölkə

Azərbaycanda qiyabi təhsil ləğv olunacaq?


Son illərdə dünyada ali təhsilin təşkilində mühüm dəyişikliklər baş verməkdədir. Qiyabi təhsil forması bir çox ölkələrdə ya tamamilə ləğv olunub, ya da əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Bəs Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil ləğv oluna bilər?

Təhsil eksperti İlqar Orucov AZERFAX.AZ-a açıqlamasında bildirib ki, artıq Azərbaycanda qiyabi təhsil forması demək olar ki, tarixə qovuşmaqdadır:


“Hazırda çox az sayda ixtisas və universitetlərdə qiyabi təhsil davam etdirilir. Magistratura pilləsində qiyabi təhsil ümumiyyətlə mövcud deyil. Bakalavr pilləsində isə bəzi ixtisaslarda hələ də qiyabi təhsil üzrə qəbul aparılır. Ola bilsin ki, həmin ixtisaslarda qiyabi təhsil ləğv olunmasın. Lakin görünən budur ki, dünya təcrübəsi də göstərir ki, qiyabi təhsil artıq əvvəlki kimi prioritet təşkil etmir. Çünki əvvəllər qiyabi təhsil daha çox tələbənin istehsalatdan ayrılmamaqla təhsil almasına imkan verirdi. Yəni tələbə həm işləyir, həm də hər semestr müəyyən müddətə universitetə gəlib sessiyalara qoşulur, imtahan verirdi. Amma qiyabi təhsilin keyfiyyəti həmişə aşağı olub”.

İ.Orucovun sözlərinə görə, zaman-zaman universitetlərdə qiyabi təhsil alanlara münasibət formal xarakter daşıyıb:

“Mən bunu indi də belədir deyə bilmərəm, amma keçmişdə çox hallarda sadəcə yola verilib. Qiyabi təhsil alan və sonradan məzun olan şəxslərin savad səviyyəsi yetərincə olmayıb. Çünki onlar demək olar ki, auditoriyanı görməyiblər, imtahanlarda güzəşt edilib və hansısa səbəbdən qiymət alıblar. Bu, heç kimə sirr deyil və çox da uzaq olmayan keçmişin hadisələridir. Görünən budur ki, əgər söhbət keyfiyyətli təhsildən gedirsə, qiyabi təhsil bu məqsədə uyğun deyil”.

Ekspert hesab edir ki, gələcəkdə qiyabi təhsil formasını distant təhsil əvəz edə bilər:

“Çünki bizim “Ali təhsil haqqında” qanunda distant təhsil hələ ki yer almır. Lakin hazırda bu qanun müzakirə mərhələsindədir və düşünürəm ki, bu sənəddə distant təhsil məsələsinə də yer verilməlidir. Hal-hazırda qanunvericiliyə əsasən, distant təhsil üzrə verilən diplomlar tanınmır, universitetlər bu formada təhsil təqdim edə bilmirlər. Amma əgər bu imkanlar genişlənsə, distant təhsil qiyabi təhsildən daha səmərəli ola bilər. Bu baxımdan mən düşünürəm ki, artıq yeniliyə, məhz bu formata keçidin vaxtı çatıb”.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button