Azərbaycanın ÜTT-yə üzv olmasına nə mane olur?

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü istiqamətində əlavə addımların müəyyənləşdirildiyini açıqlayıb. Əslində, Azərbaycan ilk dəfə 1997-ci ildə təşkilata üzv olmaq üçün rəsmi müraciət edib, amma proses hələ də tamamlanmayıb. Bəs ölkənin hələ də üzvlük əldə edə bilməməsinə nə mane olur? Ümumiyyətlə, Azərbaycan ÜTT-yə üzv olmağa hazırdırmı və bunun üçün tələb olunan baza var?
İqtisadçı ekspert Xalid Kərimli AZERFAX.AZ-a açıqlamasında bildirib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı proses artıq 30 ilə yaxındır ki, davam edir. Əslində, bir quruma üzv olmaq üçün bu qədər uzun müddət müzakirə aparılması qeyri-adi görünür:
“Gürcüstan və Ermənistan çoxdan ÜTT-nin üzvü olublar. Azərbaycan isə danışıqları illərlə uzadıb, prosesi təxirə salıb. Bunun əsas səbəblərindən biri ölkənin ixrac gəlirlərinin böyük hissəsinin neftdən formalaşmasıdır. Görünür ki, hökumət indi post-neft dövrünə hazırlıq məqsədilə bu məsələyə yenidən maraq göstərir. Əgər Azərbaycan əvvəllər həqiqətən üzvlüyə can atsaydı, çoxdan bu təşkilata qoşula bilərdi. ÜTT-nin tələbləri elə də sərt deyil ki, Ermənistan və Gürcüstan onları icra edə bilir, Azərbaycan isə edə bilmir. Sadəcə olaraq, ölkə uzun müddət üzvlükdə maraqlı olmayıb. İndi isə prosesin yenidən aktuallaşdırıldığı görünür və hökumət danışıqları canlandırmağa başlayıb”.
X.Kərimli qeyd edib ki, ÜTT-nin əsas tələbləri arasında azad ticarət, gömrük rüsumlarının minimuma endirilməsi, ədalətli ticarət prinsiplərinin tətbiqi və müəllif hüquqlarının qorunması dayanır:
“Əgər hökumət qeyri-neft sektorunun inkişafını və ixracının artırılmasını, ölkədə rəqabət mühitinin yaxşılaşdırılmasını hədəfləyirsə, ÜTT-yə üzvlük bunun üçün ciddi üstünlüklər yaradır. Əvvəllər düşünülürdü ki, Azərbaycanın əsas ixracı olan neft və qaz ÜTT-nin tənzimləmələrinə daxil deyil, üstəlik, yerli istehsal zəifdir və rəqabətə davam gətirməyə bilər. Bu səbəbdən üzvlük məsələsi təxirə salınırdı. İndi isə görünür ki, hökumət iqtisadi prioritetlərini dəyişmək niyyətindədir. Bunun nə dərəcədə ciddi olduğunu isə növbəti mərhələlərdə görəcəyik”.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



