Baytarlıq təbabəti fakültəsinin tələbələri üçün seminarlar təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin tələbələri üçün Türk mütəxəssis Prof. Dr. Kürşat Özer tərəfindən seminarlar keçirilib. AZERFAX.az xəbər verir ki, bir neçə gün davam edən seminarların məqsədi tələbələrin praktiki biliklərini artırmaq, müasir baytarlıq sahəsində tətbiq olunan yeni metod və yanaşmalarla onları tanış etmək olub.

Keçirilən praktik və nəzəri seminarlarda tələbələrin peşəkar hazırlığının gücləndirilməsi, elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi kimi mövzulara xüsusi diqqət ayrılıb.
Prof. Dr. Kürşat Özer həmçinin real klinik halların təhlili, xəstəliklərin diaqnostika üsulları və müasir müalicə metodları barədə ətraflı məlumat verib.

Seminar müddətində tələbələr suallarını ünvanlayaraq interaktiv müzakirələrdə iştirak edib və nəzəri biliklərini praktiki nümunələrlə möhkəmləndirib.









