Bu halda tələbə ödənişsiz təhsil ala bilər

Azərbaycanda ikinci ali təhsil yalnız müəyyən hüquqi və maliyyə şərtlərinə əsasən əldə oluna bilər və bu proses iki əsas yolla – Dövlət İmtahan Mərkəzinin (DİM) xətti ilə və portal.edu.az vasitəsilə (universitetlərin daxili qaydası ilə) həyata keçirilir.
Təhsil eksperti Kamran Əsədov AZERFAX.AZ-a açıqlamasında məsələ ilə bağlı geniş məlumat verib.
O qeyd edib ki, tələbələr yalnız bu halda ödənişsiz əsaslarla təhsil ala bilər:
“Əgər şəxs DİM-in keçirdiyi imtahanlarda iştirak edərək yenidən tələbə adını qazanırsa və əvvəlki təhsili ilə eyni təhsil pilləsində (məsələn, bakalavr pilləsində) təkrar ali təhsilə başlayırsa, bu halda yalnız bir şərtlə ödənişsiz oxuya bilər: əvvəlki təhsili ödənişli əsaslarla olubsa və yeni ixtisas üzrə yetərli bal toplayaraq dövlət sifarişi ilə yer qazanıbsa. Əgər əvvəlki təhsili dövlət sifarişi ilə olubsa, həmin təhsil pilləsində təkrar təhsil almaq yalnız ödənişli əsaslarla mümkündür. “Ali təhsil haqqında” Azərbaycan Respublikasının qanununun 22-ci maddəsinə görə, dövlət hər bir vətəndaşa hər təhsil pilləsində bir dəfə dövlət hesabına təhsil almaq imkanı verir. Yəni, bir nəfər bakalavr səviyyəsində bir dəfə, magistr səviyyəsində də bir dəfə dövlət sifarişi ilə oxuya bilər. Əgər bu hüquqdan bir dəfə istifadə olunubsa, həmin pillədə növbəti təhsil yalnız ödənişli əsasla mümkündür”.
K.Əsədov əlavə edib ki, ikinci üsul Təhsil Nazirliyinin elektron platforması olan portal.edu.az vasitəsilə aparılır:
“ Bu sistemlə şəxs ikinci təhsil üçün birbaşa universitetə müraciət edir və ali məktəbin daxili müsabiqəsi əsasında qəbul olunur. Bu formada əldə olunan ikinci təhsil yalnız ödənişlidir və heç bir halda dövlət sifarişi tətbiq edilmir. Bu formaya nə güzəştli təbəqələr (müharibə iştirakçıları, şəhid ailəsi üzvləri, əlillər və s.), nə də yüksək balla müraciət edən şəxslər üçün istisna tətbiq olunmur. Ödəniş hər bir halda tələb olunur və ödənişsiz əsasda təhsil almaq hüququ verən qanuni mexanizm bu formatda mövcud deyil”.
Ekspert vurğulayıb ki, ikinci təhsil vətəndaş əvvəllər dövlət hesabına oxumayıb və imtahandan yetərli bal toplayaraq yenidən pulsuz yerə düşürsə, pulsuz ola bilər. Əks halda, haradan qəbul olmasından asılı olmayaraq, ikinci təhsil yalnız ödənişli əsaslarla mümkündür.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.