Evini kirayə verənlərin nəzərinə

“Evini kirayə verən şəxslər vergi ödəməlidirlər”.
Bunu AZERFAX.AZ-a açıqlamasında vergi məsələləri üzrə hüquqşünas Anar Bayramov deyib.
O bildirib ki, fiziki şəxslər tərəfindən evlərin kirayə verilməsi qeyri-sahibkarlıq fəaliyyəti sayılır və bu fəaliyyət üzrə verginin dərəcəsi 14 faizdir. Bu vergi kirayə verən şəxsin gəlirindən hesablanaraq dövlət büdcəsinə köçürülür:
“Amma bəzi hallarda, vergi kirayə verənin gəlirindən hesablanmasına baxmayaraq, ödənişi edən şəxs əgər vergi ödəyicisidirsə, gəlir vergisini ödəmə mənbəyində tutmalı və büdcəyə köçürməlidir. Yəni, əgər kirayəni götürən şəxs vergi ödəyicisidirsə və öz fəaliyyəti üzrə hesabat verir, bu halda kirayə verən fiziki şəxsin ayrıca vergi hesabatı təqdim etməsinə ehtiyac qalmır. Artıq onun gəliri üzrə vergini ödəyən və hesabat verən şəxs (kirayəçi) var. Kirayə haqqından 14 faiz vergi tutulur və büdcəyə köçürülür. Məsələn, bir fiziki şəxs mənzilini ayda 1000 manata bir şirkətə kirayə verir. Şirkət bu məbləğin 14%-i qədər, yəni 140 manat vergini tutaraq dövlət büdcəsinə köçürür və yalnız 860 manat kirayə verənə ödəyir. Vergi bəyannaməsində isə kirayə verənin adı, soyadı, şəxsiyyət vəsiqəsinin FİN kodu və digər rekvizitləri qeyd olunur. Bu, işçilərə əmək haqqı ödənilməsi zamanı gəlir vergisinin tutulmasına bənzər bir mexanizmdir: yəni vergi öhdəliyi gəliri əldə edənə aid olsa da, onun adından işəgötürən tərəfindən tutulub ödənilir”.
Ekspert qeyd edib ki, kirayə götürən şəxs vergi ödəyicisi deyilsə, şərtlər dəyişir:
“Məsələn bir tələbədirsə, bu zaman onun kirayə verənin gəlirindən vergi tutmaq və hesabat vermək imkanı yoxdur. Belə olan halda, kirayə verən şəxs özü uçota durmalı, illik gəlir vergisi bəyannaməsi təqdim etməli və əldə etdiyi kirayə gəlirindən 14 faiz vergi ödəməlidir. Məsələn, aylıq 1000 manat gəlir illik 12 000 manat edir. Bu məbləğdən 14 faiz hesablayaraq dövlət büdcəsinə vergi ödəməlidir”.
A.Bayramovun sözlərinə görə, Azərbaycanda, xüsusilə də paytaxtda mənzillərin kirayə verilməsi üzrə böyük dövriyyələr olsa da, bu sahədə gəlirlər əksər hallarda rəsmi uçota alınmır:
“Regionlardan gələnlər, tələbələr, yeni evlənənlər və s. şəxslər Bakıda kirayə mənzillərdə qalır. Beləliklə, burada böyük məbləğlər dövr edir. Amma kirayə verən şəxslərin əksəriyyəti bu gəlirləri rəsmi şəkildə bəyan etmirlər və qeyri-rəsmi dövriyyə – “qara bazar” üstünlük təşkil edir. Bu vəziyyətin də öz fəsadları var. Məsələn, kirayəçi müəyyən müddətdən sonra kirayə haqqını ödəmədikdə və ya mənzilə maddi zərər yetirdikdə, notarial müqavilə olmadığı üçün kirayə verən hüquqi müstəvidə iddia irəli sürə bilmir. Çünki kirayə qeyri-rəsmi şəkildə həyata keçirilib. Bu isə problem yaradır. Amma getdikcə vəziyyət dəyişir. Artıq bir çox mənzil sahibləri bu fəsadları gördükdən sonra kirayə müqavilələrini notarial qaydada rəsmiləşdirirlər, gəlirlərini rəsmi şəkildə bəyan etməyə başlayırlar. Hüquq-mühafizə orqanları da bu sahədə nəzarəti gücləndirir və nəticə olaraq bu sahədə rəsmi tənzimləmə genişlənir”.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.