Gəncə Tibb Kollecində 31 Mart Azərbaycanlıların Soyqırımı anıldı.

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunan “Tarixin bir günü və ya bir günün tarixi” tədbir keçirilib. Dövlət himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin , Vətənimizin bütövlüyü uğurunda canından keçən şəhidlərimizin və 31 Mart soyqırım faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
AZERFAX.az xəbər verir ki, çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev vurğulayıb ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilən kütləvi qırğınlardır:
“Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalıblar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetiriliblər” deyə Rzayev əlavə edib.
Sonra tələbələr “31 Mart Azərbaycanlıların soyqırımı günüdür” və “ 1918- ci il azərbaycanlıların soyqırımı – Bakıda mart qırğınları” mövzularında çıxışlar ediblər.
Tədbir çərçivəsində “XX əsrin unudulmayacaq vəhşiliyi” adlı video çarx nümayiş olundu. Tələbələrin ifasında şerlər söylənildi, kollecin xor qrupunun ifasında Zülfü Livanellinin “Yiğidim Aslanım “ mahnısı alqışlarla qarşılandı.





