Putin Çində İlham Əliyevlə görüşdən niyə yayındı?

“Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısında Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşməməsini sadəcə yayınma kimi dəyərləndirmək birtərəfli yanaşma olardı. Bu vəziyyət, əslində, tərəflər arasında ortaq razılığın formalaşmamasının nəticəsi kimi də izah edilə bilər”.
Bu fikirləri AZERFAX.AZ-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin son aylarda ortaya qoyduğu mövqe, xüsusilə də Prezidentin Rusiyanın 7–8 ay ərzində həyata keçirdiyi təxribatlara qarşı sərt reaksiyası, tamamilə əsaslıdır:
“Azərbaycan bu proseslərdə susqun qalmaq niyyətində deyil, əksinə konkret tələblər irəli sürür. Bu isə Moskva üçün gözlənilməz məqamdır. Kreml uzun müddət belə bir düşüncə ilə hərəkət edib ki, istənilən addımına Azərbaycan tərəfi səssiz qalacaq. İndi isə vəziyyət dəyişib və bu dəyişiklik Rusiyanın xoşuna gəlmir”.
S.Hümbətov bildirib ki, Rusiyanın zaman-zaman “Ukrayna ssenarisi”ni gündəmə gətirməsi də real nəticə vermir. Bu, sadəcə olaraq, psixoloji təzyiq vasitəsi kimi istifadə edilir:
“Məsələni “Putin imtina etdi” kimi sadələşdirmək doğru deyil. Burada qarşılıqlı maraq və istəklərin üst-üstə düşməməsi ön plandadır. Əgər doğrudan da Putin görüşdən yayınmağa çalışıbsa, bu, onun özünə inamsızlığını göstərir. Çünki Azərbaycan tərəfinin indi açıq və konkret tələbləri var: üzrxahlıq edilməli və müəyyən addımlar atılmalıdır. Kreml isə bu tələblər qarşısında “susqunluq” və ya “uzaq durmaq” mövqeyi tutaraq guya öz böyüklüyünü qorumağa çalışır. Halbuki, bu davranış böyüklük deyil, əksinə, məsuliyyətdən yayınma və zəiflik göstəricisidir”.
Gülbəniz Hüseynli / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.