“Qarabağ” tarix yaza bilər – 4 xal lazımdır

Dünən “Qarabağ”ın “Çelsi”yə qarşı göstərdiyi möhtəşəm mübarizə sayəsində komandamız ingilislərdən 1 xal qoparmağı bacardı. Bəs bu nəticə reytinq cədvəlinə necə təsir etdi? Qarşıdakı oyunların yekunu “Qarabağ”ın mövqeyini hansı istiqamətdə dəyişə bilər?
Futbol eksperti Emin Abbasov AZERFAX.AZ-a açıqlamasında bildirib ki, “Qarabağ” üçün hazırki hədəf Çempionlar Liqasında ilk 24-lüyə düşməkdir:
“Bəlkə də turnir başlamazdan əvvəl hamımız üçün bu, möcüzə kimi görünürdü, amma xallar qazanıldıqca, nəticələr gəldikcə artıq reallığa çevrilib. Klubun başqanı Tahir Gözəl də deyib ki, bundan sonra daha 4 xal qazanılsa, böyük ehtimalla top 24 komanda arasına düşməyimiz mümkün ola bilər”.
Ekspertin sözlərinə görə, dünənki nəticə “Qarabağ”ı 24-lüyə bir qədər də yaxınlaşdırıb, çünki artıq komandanın aktivində yeddi xal var:
“Təxmini hesablamalara görə, 11-12 xalla ilk 24 komanda arasına düşmək mümkündür. Əgər “Qarabağ” bunu bacararsa, bu, tarixi hadisə və yeni zəfər olacaq. Ona görə də komanda sona qədər mübarizə aparacaq. Dünənki oyun haqqında çox danışılır. Məsələ təkcə heç-heçədə deyil. Əsas məsələ odur ki, biz “Çelsi” kimi meqa klubun qarşısında onlara meydan oxuyan, onlarla baş-başa futbol sərgiləyən bir Azərbaycan təmsilçisi gördük. Bu bizi sevindirir. Çox inanıram ki, qarşıdakı oyunlarda “Qarabağ” arzuladığı nəticələri əldə edə bilər. Çünki komanda bu illər ərzində qazandığı uğurlarla, topladığı təcrübə ilə böyüyüb, çətinliklərdən keçə-keçə inkişaf edib. Artıq “Qarabağ”ın adı Avropada getdikcə daha ciddi qəbul olunur – həm klublar, həm də rəqiblər tərəfindən”.
E.Abbasov növbəti oyunlardan da danışıb:
“Qarşıda əvvəlcə “Napoli” ilə səfər oyunu, daha sonra Bakıda “Ayaks” və “Ayntraxt”la matçlar olacaq. Bu görüşlərdən gözlənilən dörd-beş xalı qazanmaq mümkündür. Belə böyük klublarla oyunlarda əldə olunan nəticələr ilk növbədə komandaya ciddi özgüvən verir. Ümid edək ki, qarşıdakı matçlarda “Qarabağ” bu uğurlu oyun seriyasını davam etdirə biləcək”.
Xatırladaq ki, dünən “Qarabağ” – “Çelsi” qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



