Qoca kişilərsiniz, niyə xarabanızda oturmursunuz?

ABŞ uzunömürlülər diyarıdır. Başqa xalqlara məxsus olan “qara qızıl” ABŞ əhalisini ağ günə çıxarıb. Təkcə “Ağ Ev”in sakinləri deyil, ABŞ-də hamı “ağ adam” kimi yaşayır.
Ömründə bir dəfə Amerikada olan, amma hər gün bu barədə danışan dostum Səttarın sözləridir: “Səksən doqquz yaşlı arvad gecə eynəksiz maşın sürür”.
Azərbaycanda isə 89 yaşlı adam görəndə belə deyirlər: “Sənin tay-tuşun 10 ildir qara mərmərdən baxır”.
Nisbətən “mədəni” adamlar isə fikrini bu cür ifadə edir: “On beş ildir o biri dünyada sənə qayıb qoyurlar”.
ABŞ-də isə 89 yaşlı adama belə deyirlər: “Qoca qarılar kimi niyə qaxılıb evdə oturmusan? Sənin tay-tuşun könüllüdür, məktəbdə, kitabxanada, muzeydə pulsuz işləyir”.
Ötən gün bir yas mərasimində yekəpər kişinin dediyi bu sözləri öz qulağımla eşitdim: “A bala, bir bulud da aş gətir. Cavan adam deyil ki, boğazımızdan keçməsin…”
Əbləh elə danışırdı ki, sanki yaşlı adamın hüzründə aşı çörəklə yemək lazımdır…
Azərbaycanda qocalara münasibət ədalətli deyil. Hökumətin siyasəti bəllidir, əgər yaxşı vəzifən, arxa-dayağın yoxdursa, 65 yaşa çatan kimi əl boyda təşəkkür məktubu verib pensiyaya göndərirlər.
Dərd burasındadır ki, yaşlı təbəqəyə cəmiyyətin münasibəti də ürəkaçan deyil. Avtobusda, metroda yaşlı insanlara yer verən, ehtiram göstərən adamların sayı sürətlə azalır. Adını çəkib şərəfləndirmək istəmədiyim bir nasir metroda mügüləyən baba və nənələri nəzərdə tutaraq bir dəfə belə yazmışdı: “Qoca adamlarsınız, niyə qaxılıb xarabanızda oturmursunuz?”.
Pulu başından aşan, amma şəhəri piyada dolaşan, avtobusda, metroda gəzməyi xoşlayan Əjdər müəllim ən çox bu xitabı eşidəndə əsəbləşir: “Qoca kişisən…”
Əjdər müəllim deyir ki, bəzi adamlar bu sözü elə tələffüz edir sanki qoca olmaq ayıbdır…
Bir dəfə yaşlı adamlara naqolay münasibət göstərən cavan oğlanın dərsini belə verib: “Bu hikkə, bu tərbiyə ilə sən qocalmayacaqsan…”
Kommunistlərin yaxşı bir şüarı vardı: “Qocaya hörmət et, sən də qocalacaqsan”.
Bu şüarı qatarların vaqonlarına, avtobusların şüşələrinə yazıb yapışdırmaq lazımdır. Ki, bəzi nadanlar ömür boyu cavan qalmayacaqlarını anlasınlar….
L.Səfiyarlı, xüsusi olaraq AZERFAX.AZ üçün.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



