Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazıram

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Şimali Atlantika Alyansının bütün üzvləri birgə hərəkət edərsə və Rusiyadan neft alımını dayandırarsa, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazırdır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə o, “Truth” hesabında yazıb.
“Əgər NATO ölkələrinin hamısı razılığa gələrək birlikdə hərəkət etsələr və Rusiyadan neft alımını dayandırsalar, mən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram”, – deyə Ağ Evin rəhbəri Truth Social-da yazıb və paylaşımını “bütün NATO dövlətlərinə və dünyaya mesaj” adlandırıb.
Trampın sözlərinə görə, Rusiyadan neft almaq Alyansın “mövqelərini şokedici şəkildə zəiflədir”.
O, həmçinin NATO ölkələrinə Çindən idxal olunan mallara 50–100% gömrük rüsumu tətbiq etməyi təklif edib. Bildirib ki, bu addımlar Moskvanı “Pekinin dəstəyindən məhrum etməyə” kömək edəcək.
“Bu, Trampın müharibəsi deyil. Mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Bu, Baydenin və Zelenskinin müharibəsidir”, – deyə amerikalı lider vurğulayıb.
Tramp bildirib ki, onun məqsədi “münaqişəni dayandırmaq və minlərlə insanın həyatını xilas etməkdir”. O əlavə edib ki, yalnız ötən həftə 7 mindən çox insan həlak olub.
O, NATO-ya çağırış edərək “bu dəhşətli müharibəyə ən qısa zamanda son qoymaq üçün” razılaşdırılmış addımlar atmağa dəvət edib.
ABŞ prezidentinin sözlərinə görə, əgər müttəfiqlər onun təşəbbüslərini dəstəkləməsələr, bu, yalnız “onun vaxtını, gücünü və Amerika vergi ödəyicilərinin pullarını israf etmək” demək olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.