Ürək-damar xəstəliklərindən necə qorunaq? – Həkimlə MÜSAHİBƏ

Bu ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına ürək-damar cərrahiyyəsi üzrə 22 minə yaxın tibbi xidmət göstərilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi açıqlayıb. Ürək-damar sistemi xəstəlikləri bütün dünyada əsas ölüm səbəblərindən hesab olunur. Ona görə də vaxtı müayinə və müdaxilə olduqca vacibdir.
Yeni Klinikanın ürək-damar cərrahiyyə şöbəsinin müdiri Mətin Hadizadə AZERFAX.AZ-a müsahibəsində ürək-damar xəstəlikləri haqqında danışıb.
Ürək-damar xəstəliklərini yaradan faktorlar nələrdir?
– Tibbin, eləcə də müayinə və müalicə metodlarının yüksək texnoloji səviyyələrə çatmasına baxmayaraq, ürək və damar xəstəliklərinin yaranmasında bir çox risk faktorları var. Ürək xəstəliklərini anadangəlmə ürək qüsurları və sonradan qazanılan xəstəliklər şəklində iki qrupa ayıra bilərik. Anandangəlmə ürək qüsurlarında xəstəliyin gedişi, ağırlaşmaları, müalicə metodikaları, həyati təhlükəsi qüsurun növündən, yerləşmə yerindən, kompleks şəkildə bir neçə qüsurun eyni anda varlığından aslı olaraq dəyişir. Sonradan qazanılan ürək xəstəlikləri üçün nəzarət edilə bilən və nəzarət edilə bilməyən risk faktorları var. Nəzarət edə bilmədiyimiz faktorlara artan yaş, cinsiyyət, ailə xəstəlik tarixçəsi və genetikanı misal göstərə bilərik. Nəzarət edilə bilən risk faktorlarına isə arterial hipertenziya (qan təzyiqi yüksəkliyi), şəkərli diabet, hiperlipidemiya (qanda yağ miqdarı yüksəkliyi), tütün istifadəsi, fiziki aktivliyin az olması, piylənmə və digərlərini aid edə bilərik.
Ürək-damar sistemi xəstəlikləri ilə bağlı hansı müayinə və müalicə metodları var?
– Ürək-damar sistemi xəstəlikləri ilə bağlı şikayətlə müraciət edən pasiyentlərin ilk növbədə anamnezi toplanılır və fiziki müayinə edilir. Daha sonra elektrokardioqramma (EKQ), qanın ümumi analizi, exokardioqrafiya (EXO), ağciyər rentgeni və ehtiyac olarsa stres test (tredmil) müayinələri edilir. Bu müayinə metodlarının nəticələrini gördükdən sonra, kompüter tomoqrafiyası (KT), koronar angioqrafiya müayinələrinə də ehtiyac yarana bilər. Sadaladığım müayinələrdən sonra xəstənin diaqnozu təyin edilir və ona uyğun müalicəyə başlanılır. Ürək-damar xəstəliklərində əsasən, medikamentoz, yəni dərman müalicəsi, angioqrafiya ilə invaziv müdaxilələr və cərrahiyyə metodu istifadə olunur.
Sadaladığınız xidmətlər, xüsusən də əməliyyatlar “maliyyə yüklü” səslənir. Maraqlıdır vətəndaşlar bu xidmətlərdən rahat şəkildə istifadə edə bilirlər?
– Doğru vurğuladınız ki, ürək əməliyyatları olduqca dəyəri yüksək əməliyyatlardır. Çox sevindirici haldır ki, ölkəmizdə artıq ürək-damar xəstəliklərinin müayinə və müalicəsi, eləcə də cərrahi əməliyyatlarının böyük əksəriyyəti icbari tibbi sığorta hesabına qarşılanır. Bu fürsət sayəsində vətəndaşlarımız həm vaxtında müayinələrdən keçə, həm də müalicə metodlarından çox rahat şəkildə yararlana bilirlər. Fəaliyyət göstərdiyim Yeni Klinikadan misal göstərə bilərəm ki, bizə müraciət edən xəstələrin xəstəxanaya daxil olduğu andan etibarən müalicəsi yekunlaşıb evə yazılanadək Xidmətlər Zərfi çərçivəsində lazımi müayinə və müalicəsi icbari tibbi sığorta hesabına təmin olunur.
Erkən müdaxilə ürək-damar sistemi xəstəliklərinin müayinə və müalicəsində nə dərəcədə önəmlidir? Bu mövzuda vətəndaşlara hansı tövsiyələriniz var?
– Bütün dünya üzrə ölümlərin ən çox səbəbi ürək xəstəlikləri olduğu üçün düşünürəm ki, ürək-damar xəstəliklərinə qarşı hər bir insan maariflənməli, xüsusi ilə də 40 yaşdan yuxarı genetik risk faktoru və şəkərli diabet kimi yanaşı xəstəlikləri olan insanlar vaxtaşırı profilaktik tibbi müayinədən keçməlidir. Bu, fikrimcə, çox doğru və olduqca da vacibdir. Demək olar ki, bütün xəstəliklərin, həmçinin ürək xəstəliklərinin çox erkən mərhələdə diaqnozunun qoyulması müalicəsinin çox daha asan və yüngül formada olmasına gətirib çıxarır. Bu səbəbdən, vətəndaşlarımıza müayinələrini axsatmamağı, vaxtında həkimə müraciət etmələrini tövsiyə edirəm.
Gərgin iş rejiminiz var. Ən çox zaman alan ürək əməliyyatınız hansı olub?
– İşimiz olduqca məsuliyyətli, olduqca fədakarlıq istəyən işdir. Nəticədə bir insanın sağlamlığı bizə həvalə olunur. Ümumiyyətlə, ürək əməliyyatları digər cərrahiyyələrə görə uzun müddət çəkə bilir. Son aylarda ən çox sürən əməliyyatım təxminən 8 saata yaxın olub. Söhbət aortanın disseksiyası (aortanın laylanması və təbəqələrə ayrılması) dediyimiz çox təhlükəli xəstəliyi aradan qaldırmaq üçün icra olunan əməliyyatdan gedir.
Çox nadir hallarda icra olunan “Cabrol” əməliyyatımız da uğurlu keçmişdi. Təkrar müayinələrin nəticələrinə əsasən deyə bilərəm ki, xəstəmizin vəziyyəti olduqca yaxşıdır. “Cabrol” aortanın kök hissəsinin anevrizmalarında tac arteriya butonları qısa olduğu zaman icra olunan əməliyyatdır. Belə ki, aortanın kökünü dəyişən zaman bəzən tac arteriya butonlarını protez aortaya birbaşa tikmək olmur. Bu zaman xüsusi qreftlə tac arteriyası uzadılaraq aortaya tikilir. Beləliklə, problem tamamilə aradan qaldırılmış olur.
Bundan əlavə, yaxın günlərdə bir xəstəmizdə aorta qapaq çatışmazlığı, mitral qapaq çatışmazlığı, aorta kökü və qalxan aortanın genişlənməsi kimi kompleks xəstəliklər qeyd olunurdu. Bentall (aorta qapaq, aorta kökü, qalxan aorta protezlənməsi) və Mitral qapaq protezlənməsi əməliyyatı icra etdik. Kompleks və böyük həcmli əməliyyat olmasına baxmayaraq, uğurlu əməliyyatla xəstəmizin probleminin aradan qaldırılmasına nail olduq.
Xalq arasında “ürəyi dəlik uşaq” kimi bilinən anadangəlmə ürək qüsurları ilə doğulanlar var. Bu qüsurlar necə aradan qaldırılır? Hər zaman nəticə müsbət olurmu?
– Anadangəlmə ürək qüsurları arasında ən sıx gördüyümüz xəstəliklərdən biri ürəkdə qulaqcıqlararası çəpər defektidir. Bu defektlər körpə böyüdükcə aylar ərzində öz-özünə qapana bilir. Qapanmayan defektlər isə angioqrafik üsul ilə yaxud əməliyyatla qapadıla bilir. Bu əməliyyatları da qapalı üsulla, sinə sümüyü kəsilmədən, qabırğaarası sahədən daxil olaraq icra edirik. Defekt qapadıldıqdan sonra təngnəfəslik, boğulma, ürək döyüntülərinin artımı kimi şikayətlərdə azalma müşahidə edilir.
Ürək əməliyyatlarının riskləri nələrdir?
– Ürək əməliyyatlarının da digər cərrahiyyələr kimi müəyyən riskləri var. Lakin ürək-damar sistemi əməliyyatlarının riskləri həm də əməliyyat zamanı istifadə etdiyimiz ürək ağciyər aparatına bağlıdır. Aparat əməliyyat zamanı ürək və ağciyərin fəaliyyəti dayandırıldıqdan sonra bədəndə qan dövranını və bədənin oksigen ehtiyacını təmin edir. Bu səbəbdən ürək-damar sistemi əməliyyatlarının riskləri bütün orqan sistemlərini əhatə edir, çünki qan və oksigen bütün orqan sistemlərinin ehtiyacıdır.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



