Yeni Roma Papası kim olacaq?

2025-ci il aprelin 21-də Roma Papası Fransiskin vəfatı ilə Katolik dünyasında yeni bir dövr başlayır. Hazırda Vatikan Papasız dövr – “interregnum” mərhələsindədir. Artıq bir neçə namizəd irəli sürülüb. Bəs onlardan hansının seçilmə ehtimalı daha çoxdur?
Politoloq Asif Nərimanlı AZERFAX.AZ-a açıqlamasında bildirib ki, Papanın seçilməsi ilə bağlı konkret qaydalar var. Papanın dəfnindən sonra 15–20 gün ərzində kardinallar toplaşır və gizli səsvermə yolu ilə qapalı məkanda iclaslar keçirilir. Kardinalların ümumi sayı təxminən 250-dən çoxdur. Lakin qaydalara əsasən yalnız 80 yaşından aşağı olan kardinallar seçkilərdə iştirak edə bilərlər. Bu da təxminən 120 nəfər deməkdir. Bu şəxslər ilk iclası keçirir və səslərin çoxunu qazanan şəxs yeni Papa olur. Hətta prosedurda belə bir hal var ki, əgər bərabərlik olarsa, seçki prosesi davam etdirilir. Yəni nə vaxta qədər seçki nəticəsi alınana qədər proses həmin o qapalı yerdə davam edir”.
A.Nərimanlı qeyd edib ki, seçkilərlə bağlı daha çox şans verilən altı nəfərin adı çəkilir və onların şansı daha yüksək qiymətləndirilir:
“Aralarında Jan-Mark Avelin də var. O, həm sevilən kardinal sayılır, həm də gözlənilir ki, varis ola bilər. Amma bu varislik məsələsi mürəkkəb bir prosesdir, seçicilər üçün sadə deyil. Ən çox şanslı namizədlər arasında Vatikanın hazırkı dövlət katibi Pietro Parolinin adı çəkilir. Bu da səbəbsiz deyil. Hesab edirəm ki, bu həm də dünyada baş verən proseslərə əsasən qiymətləndirilə bilər. Papa Fransiskin hakimiyyətdə olduğu dövrdə eynicinsli nikahlar daha çox populyarlıq qazanıb. Təxminən 2013-cü ildən sonra, xüsusilə 2015-ci ildən etibarən Amerikanın rəhbərlik etdiyi siyasətin bu kontekstdə xüsusi önə çıxdığını görürük. Bu da maraqlı bir təsadüfdür”.
Politoloqun sözlərinə görə, hazırkı dövlət katibi Pietro Parolinin adının hallanması da təsadüfi deyil:
“O, təcrübəli diplomat sayılır, nüfuzludur və xüsusilə Çinlə münasibətlərə xüsusi önəm verir. Mövcud geosiyasi vəziyyətdə Çinin yüksələn güc olduğunu bilirik. Xüsusən Avrasiya məkanında əsas güc mərkəzlərindən biri kimi Çin önə çıxır. Ehtimal etmək olar ki, bu geosiyasi kontekstdə Vatikanın Çinlə münasibətlərə xüsusi önəm verən bir kardinalı Papa seçmək istəyi ola bilər. Bu da mənim ehtimal etdiyim bir fikirdir. Seçki prosesi isə kifayət qədər mürəkkəbdir. Vatikanın daxili mətbəxini izləmək, ya da tam başa düşmək çox çətindir. Maksimum şəkildə informasiya sızıntısına yol verilmir”.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.