İqtisadiyyat

“AzerGold” QSC-də Argentinanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüşüb. AZERFAX.az xəbər verir ki, görüş zamanı Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında məlumat verib.

İdarə Heyətinin sədri qeyd edib ki, Səhmdar Cəmiyyətinin idarəetməsinə verilmiş qızıl mədəni layihələrinin icrası üzrə dövlət büdcəsindən asılılıq tam olaraq aradan qaldırılıb.

Onun sözlərinə görə yeni əlvan və qara metal yataqlarının istismarına hazırlıq işləri uğurla davam etdirilir.

İxrac gəlirliliyinə görə “AzerGold” QSC qeyri-neft və qaz sektorunda mövqeyini daha da möhkəmləndirərək ölkənin iqtisadi fəaliyyətinin şaxələndirilməsinə əhəmiyyətli töhfə verməkdədir.

Z. İbrahimov həmçinin vurğulayıb ki, əldə olunan uğurlar ölkədə həyata keçirilən məqsədyönlü iqtisadi islahatların, əlverişli investisiya mühitinin və dövlətin dağ-mədən sənayesinə göstərdiyi davamlı dəstəyin nəticəsidir. Dövlət tərəfindən biznes mühitinin təkmilləşdirilməsi, ixracyönlü sahələrin stimullaşdırılması və yerli istehsalın inkişafı üçün yaradılan imkanlar “AzerGold”un fəaliyyətinin daha da genişlənməsinə müsbət təsir göstərir.

Sədr bildirib ki, mineral resurslarla zəngin olan bir sıra ölkələrlə, xüsusən Latın Amerikasının iqtisadi potensialı yüksək olan Argentinada əməkdaşlıq perspektivləri Cəmiyyətin maraq dairəsindədir. Bu istiqamətdə aparılan analizlər və mümkün tərəfdaşlıq modelləri gələcəkdə yeni layihələrin reallaşdırılmasına şərait yarada bilər.

Argentinanın gümüş, mis və litium kimi geniş filiz ehtiyatlarına malik olduğunu diqqətə çatdıran Marianxeles Belluşi, ölkəsində mövcud yataqların öyrənilməsi və idarə olunması sahəsində “AzerGold” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Səfir iki ölkə arasında əməkdaşlığın yeni istiqaməti kimi dağ-mədən sektorunda müştərək fəaliyyətin təşkil edilməsinin əhəmiyyətini vurğulayaraq, həm geoloji kəşfiyyat, həm də mədənlərin istismarı sahəsində böyük təcrübəyə malik olan “AzerGold” QSC ilə tərəfdaşlığın hər iki tərəf üçün qarşılıqlı fayda yaradacağını qeyd edib.

Sonda tərəflər mədənçilik sahəsinin müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb. İki ölkə arasında gələcək əməkdaşlıq imkanlarının qiymətləndirilməsi baxımından görüşün olduqca faydalı olduğu diqqətə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button