Kredit borcları bu halda silinə bilər

Son zamanlar insanlar kredit borclarını ödəməkdə çətinlik çəkirlər. Günü-gündən problemli kreditlərin sayı artır. Bu isə insanların müflisləşməsinə və kredit tarixçələrinin pisləşməsinə səbəb olur.
Bəs hansı hallarda kredit borcu silinə bilər?
AZERFAX.az xəbər verir ki, mövzu ilə bağlı AZERFAX.AZ- a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, kredit borcunun silinməsi məsələsi ölkəmizdə müəyyən hallarda baş verə bilər:

Lakin bunun üçün çox ciddi əsaslar olmalıdır. Dövlət qurumlarının qərarları, bank və məhkmə qərarı ilə kredit borcu silinə bilər.
Məsələn, müəyyən sosial və iqtisadi şəraitlərdə dövlət müvafiq qərarlar qəbul edərək borc yüklərini müəyyən qruplar üçün azalda bilər və ya tamamilə silə bilər. Bu qərar çox zaman xüsusi hallar üçün tətbiq edilir, məsələn, müharibə şəraitində, təbii fəlakətlər və ya digər fövqəladə vəziyyətlərdə.
Bundan əlavə, kredit borcunun silinməsi bankın daxili qərarları ilə də mümkündür. Bankların idarəetmə orqanları bəzən müştərilərlə bağlanmış müqavilələr üzrə güzəştlər edə bilər. Lakin, bu cür qərarların verilmesi çox nadir hallarda baş verir və borcun silinməsi üçün ciddi maliyyə səbəbləri olmalıdır. Yəni banklar yalnız müəyyən çətin maliyyə vəziyyətində olan müştərilərə belə addımlar ata bilər.
Ən son və ən ciddi yol isə məhkəmə qərarıdır. Məhkəmə kredit borcları ilə bağlı yalnız qanuni əsaslar mövcud olduqda, məsələn, borcalanın hüquqları pozulduqda, müqavilənin şərtləri düzgün tətbiq edilmədikdə və ya digər hüquqi məsələlər meydana çıxdıqda borcun silinməsi barədə qərar verə bilər. Məhkəmə prosedurları uzun və mürəkkəb ola bilər, amma hər bir halda müvafiq hüquqi əsasların olması vacibdir”.
İqtisadçı ekspert Günay Hüseynova isə bildirib ki, kredit borcu ümumiyyətlə çox nadir hallarda silinir:

“Vətəndaş dünyasını dəyişdikdə varisləri mirası qəbul edibsə bu halda mirası qəbul edən varis ödəyir. Əgər mirası varislər qəbul etməyibsə və ya vətəndaşın adına daşınar və ya daşınmaz əmlak, mal mülk yoxdursa, kredit borcu silinə bilir. Bununla belə kredit götürülən zaman əgər sığorta olunubsa bu zaman da hər hansısa bədbəxt hadisə baş verdikdə sığorta qarşılayır. Hal hazırda istehlak kreditlərinin 90%-ə qədəri sığortasızdır. Sığortadan istifadə riski aradan qaldırır. Nəticədə, əgər kredti götürən şəxs həyat sığotasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır. Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadə vacibdir. Sığortadan istifadənin əlavə ödəniş olduğu üçün vətəndaş bir növ uzaq qaçır”.