İqtisadiyyat

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisi nə zaman yekunlaşacaq? – VİDEO

Zəngilan rayonu yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün və ona bağlanacaq köməkçi yolun tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır. Bu barədə Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətlərinin İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baxış keçirdikləri zamanı məlumat verilib. Baxış zamanı həmsədrlərə körpünün və avtomagistraldan körpüyə bağlanacaq köməkçi yolun texniki parametrləri, burada yaradılması planlaşdırılan sərhəd-gömrük infrastrukturu, eyni zamanda tikilməsi nəzərdən keçirilən yeni dəmir yolu körpüsünün layihələri barədə məlumat verilib. Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil etməklə bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək. Nümayəndə heyəti həmçinin Azərbaycan ərazisində tikintisi davam edən, strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu xətti ilə də əyani tanış olublar. Həmsədrlər daha sonra İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək ikinci körpü olan Ordubad-Siyahrud avtomobil körpüsünün layihəsi və yerləşəcəyi yer üzrə ərazi imkanlarını nəzərdən keçiriblər. Nümayəndə heyətləri həmçinin Ordubad-Marazad Su Elektrik Stansiyası layihəsi üzrə aparılan işlərlə tanış olduqdan sonra Culfa sərhəd-keçid məntəqəsinə baş çəkiblər. Burada görülən işlərlə maraqlanıblar. Tikintinin bu ilin sonunadək tamamlanması planlaşdırılır.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən körpüdən Baku Tv-nın lentə aldığı son görüntüləri təqdim edirik:

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button