Azərbaycan-ABŞ strateji tərəfdaşlığı regional əməkdaşlığa və sülhə xidmət edir

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Azərbaycanın xarici siyasətinin son dövrlərdəki əsas uğurlarından biri dünyanın aparıcı siyasi-iqtisadi gücü olan, qlobal nizama əhəmiyyətli dərəcədə təsir imkanlarına malik ABŞ-la əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasıdır. Bu günlərdə ABŞ-nin Vitse–prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfər göstərdi ki, həm Bakı, həm də Vaşinqton münasibətlərin daha da inkişafı və möhkəmlənməsi üçün böyük siyasi iradə nümayiş etdirir.
Eyni zamanda Vitse-prezident Cey. Di. Vensin respublikamıza səfəri ABŞ dövlətinin Azərbaycanla əlaqələrə və tərəfdaşlığa, o cümlədən, respublikamızın regional və qlobal proseslərdəki fəal iştirakına verdiyi böyük önəmin bariz təzahürüdür. Görünən odur ki, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Vaşinqtonun yürütdüyü yeni geosiyasi və geoiqtisadi strategiyada Azərbaycanla əlaqələr mühüm yer tutur. Məlum olduğu kimi Ağ Evin əvvəlki administrasiyasının həm ermənipərəst, həm də ölkəmizə qarşı hər bir məsələdə qərəzli mövqe tutması səbəbindən Azərbaycan-ABŞ münasibətləri ciddi şəkildə zədələnmişdi. Cey. Di. Vens Bakıda Prezident İlham Əliyevlə görüşdə bu məsələyə toxunaraq bildirdi ki, ABŞ-ninsonuncu administrasiyası bir çox səhvlərə yol verdi və bu səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi.
Donald Trampın prezident seçilməsindən sonra ABŞ-nin milli maraqlarına uyğun gəlməyən, ayrı-ayrı dövlətlərlə münasibətləri korlayan siyasi kursdan imtina olunması tezliklə Azərbaycanla münasibətlərdə də özünü göstərdi. Ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a səfərinin və Ağ Evdə ABŞ prezidenti Donald Trampla olduqca yüksək siyasi və səmimi atmosferdə keçirdiyi görüşün nəticəsi olaraq Bakı ilə Vaşinqton arasında münasibətlərin keyfiyyətcə yeni mərhələsinin əsasları müəyyən edildi.
ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin fevralın 10-11-də respublikamıza etdiyi rəsmi səfəri isə göstərdi ki, hər iki tərəf əlaqələrin yeni keyfiyyət mərhələsinə yüksəldilməsində və strateji məzmunda inkişafında maraqlıdır. Cey. Di. Venslə geniş tərkibdə görüşdə Prezident İlham Əliyev bu barədə deyib:

«Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir».
Həm Azərbaycanın, həm ABŞ-ın əlaqələrin inkişafına xüsusi marağının və siyasi iradəsinin əsas göstəricilərindən biri Bakıda Prezident İlham Əliyev və Vitse-prezidenti Cey. Di. Vens tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyası”nın imzalanması oldu. Məlum olduğu kimi ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentləri Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması Anlaşma Memorandumunu imzalamışdılar. Həmin vaxtdan sonra tərəflər arasında sənədlə bağlı sıx təmaslar həyata keçirilib. Prezident İlham Əliyevin fevralın 9-da ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə qeyd etdiyi kimi, həmin vaxtdan sonra ticarət, iqtisadiyyat, investisiyalar, enerji, süni intellekt, müdafiə sənayesində əməkdaşlıq və digər sahələri müzakirə etmək üçün Vaşinqtona hökuməti təmsil edən dörd nümayəndə heyəti göndərilib.
Qarşılıqlı intensiv təmasların nəticəsi olaraq fevralın 10-da Bakıda imzalanan Xartiyada iki dövlət arasında əməkdaşlığın müxtəlif istiqamətləri əks olunur. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan və ABŞ ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bu sənədlə bir daha təsdiqləyirlər. Bunun davamı olaraq tərəflər Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq, enerji və nəqliyyat sektorlarında əməkdaşlığı genişləndirmək, enerji və nəqliyyat sektorlarına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq niyyətindədirlər. Eyni zamanda süni intellekt və rəqəmsal infrastruktur sahələrində investisiya imkanlarının təşviqi, eləcə də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi də sənəddə prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Azərbaycanla ABŞ arasında münasibətlərin institusional əsaslar üzərində qurulmasına yol açan Strateji Tərəfdaşlıq haqqında Xartiya ikitərəfli əməkdaşlığı dərinləşdirməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Ona görə Xartiyanın həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Ən əsası bu sənədin imzalanması ilə iki dövlət arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi.

Onu da qeyd edək ki, Azərbaycan-ABŞ münasibətlərində ötən il avqustun 8-dən sonra baş verən dəyişikliklər regionda sabitliyin möhkəmlənməsinə, Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin daha da möhkəmlənməsinə xidmət edib. Mətbuata bəyanatında buna diqqət çəkən Prezident İlham Əliyev Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə minnətdarlığını bildirdi.
Azərbaycan-ABŞ əlaqələrində baş verən dəyişikliklər həm də hər iki dövlətin milli maraqlarına və regionda əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Bu baxımdan Tramp-Vens administrasiyasının Cənubi Qafqazla bağlı yürütdüyü fəal siyasətin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsinin işə salınması ilə bağlı razılığın əldə olunmasıdır. TRIPP layihəsinin Strateji Tərəfdaşlıq haqqında Xartiyada yer alması, tərəflərin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı kimi bu yolun əhəmiyyətini qəbul etmələri ABŞ-nin Azərbaycanın başlatdığı sülh prosesinə dəstəyinin real ifadəsidir.
Bütövlükdə, ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin respublikamıza rəsmi səfəri ötən ilin avqustundan etibarən Azərbaycan-ABŞ münasibətlərin yeni arxitekturası ilə bağlı həqiqətlərə yeni işıq saldı. Səfərin nəticələri, əldə edilən razılaşmalar göstərir ki, Azərbaycan-ABŞ strateji tərəfdaşlığının gündəliyi zəngin və əhatəlidir və bu tərəfdaşlıq Azərbaycanın regional və qlobal proseslərdəki milli maraqlarını tam təmin edir. Ən əsası, Cey. Di. Vensin respublikamıza səfəri bir daha təsdiq etdi ki, ABŞ Azərbaycanın regiondakı aparıcı mövqeyini və cənab Prezident İlham Əliyevin siyasi-iqtisadi müzakirələrdəki liderliyini tam qəbul edir və yüksək dəyərləndirir.



