Azərbaycan möhkəm mövqelərə, aydın inkişaf yoluna, regionda və dünyada gedən proseslərə təsir imkanlarına malik dövlətdir

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Davosda keçirilən ənənəvi Dünya İqtisadi Forumunda Azərbaycana maraq hər zaman yüksək olub. Torpaqlarımızın işğaldan azad edilməsindən, Azərbaycanın istər regional, istərsə də qlobal proseslərdə iştirak səviyyəsinin yüksəlməsindən sonra bu maraq daha da artıb. Bunu cənab Prezident İlham Əliyevin Davos Forumunda keçirdiyi çoxsaylı görüşlər və iştirak etdiyi tədbirlər də təsdiq edir. Yanvarın 19-dan başlayan 56-cı Forum da bu baxımdan diqqəti çəkir.
Dünyada böyük tamaşaçı auditoriyası olan tanınmış “Euronews” televiziyasının Davosda dövlətimizin başçısından müsahibə almasını da ilk növbədə bu prizmadan dəyərləndirə bilərik. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər zamanı müzakirə olunan məsələlərlə bağlı mövqeyi, hadisələrə baxışı, problemlərin həllinə dair yanaşmaları elə həmin tədbirlərin təşkilatçılarının və xarici KİV-in xüsusi diqqət mərkəzində olur. Böyük tamaşaçı auditoriyası olan və bütün dünyaya yayımlanan “Euronews” telekanalının dövlətimizin başçısından müsahibə götürməsi də bunu təsdiq edir.

Cənab İlham Əliyev müsahibədə mühüm məsələlərlə bağlı fikirlərini bildirdi, dövlətimizin mövqeyini diqqətə çatdırdı, müasir beynəlxalq münasibətlərin mahiyyəti ilə bağlı mühüm mesajlar verdi. Bu baxımdan cənab Prezidentin beynəlxalq hüquq normaları ilə bağlı söylədiyi fikirlər bütün dünya ictimaiyyəti üçün aktuallıq kəsb edir. Bu gün dünya nizamında qanunların aliliyi deyil, gücün aliliyi rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Planetimizin müxtəlif coğrafiyalarında baş verən hadisələr də beynəlxalq hüquq normalarının tapdalandığını və güc amilinin önə çıxdığını göstərən faktorlardır. Bu baxımdan Prezident İlham Əliyev müsahibəsində müasir beynəlxalq münasibətlərin mühüm problemini aydın şəkildə diqqətə çatdırdı.
Azərbaycan dövləti öz siyasətini və strateji məqsədlərini bu reallıqlara uyğun formalaşdırır. Azərbaycanın bütün uğurları, ən əsası, torpaqlarımızın işğaldan azad edilməsi göstərir ki, respublikamız bu məqsədlərə nail olaraq, qətiyyətlə özünün strateji hədəflərinə çatır.
Prezident İlham Əliyevə ünvanlanan suallardan biri dövlətimizin başçısının“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi və Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin gedişi ilə bağlı oldu. Azərbaycanın Vətən müharibəsindəki qələbəsini və torpaqlarını işğaldan azad etməsi bütün dünya tam qəbul edir. Ötən il Vaşinqtonda sülh sazişinin paraflanması bunu təsdiq edən mühüm siyasi hadisədir. Prezident İlham Əliyevə“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın yaratdığı yeni reallıqların, dövlətimizin başçısının sülh gündəliyinin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasının növbəti parlaq ifadəsidir.

“Euronews”a müsahibəsində belə nüfuzlu mükafatı almağın böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Artıq Azərbaycanla Ermənistan arasında faktiki olaraq sülh şəraiti hökm sürür. Respublikamız öz ərazisindən Ermənistana yük daşınmasına icazə verib. Eyni zamanda Azərbaycandan Ermənistana neft məhsullarının təchizatına başlanılıb. Görünən odur ki, sülh prosesi artıq əməkdaşlıqla müşayiət olunur. Bütün bunlar Prezident İlham Əliyevin sülhpərvər siyasətinin göstəriciləridir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də bu siyasətə qlobal miqyasda verilən yüksək qiymətdir.
Prezident İlham Əliyevin müsahibədə sabitliklə bağlı toxunduğu məsələlər də xüsusi aktuallıq kəsb edir. Azərbaycan regionda sabitliyin uğurla təmin edildiyi dövlətlərdən biridir. Dövlətimizin başçısı da qeyd edib ki, ölkəmizin daxilində potensial risklər mövcud deyil. Respublikamızı regionda fərqləndirən mühüm gerçəkliklərdən biri də məhz budur. Eyni zamanda, respublikamız öz qonşularında da sabitliyin olmasını arzulayır. Çünki müharibənin ağrı-acısını yaşamış dövlət olaraq sabitliyin qiymətini hamıdan yaxşı bilirik və Prezident İlham Əliyevin vurğuladığı kimi sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.
Məlumdur ki, enerji sferasında Azərbaycanın yürütdüyü təkmil siyasət respublikamızın istər beynəlxalq mövqelərinin möhkəmlənməsində, istərsə də nüfuzunun yüksəlməsində mühüm rol oynayır. Bu mənada, Prezident İlham Əliyevin müsahibədə diqqətə çatdırdığı faktlar göstərir ki, Azərbaycan həm regionda, həm də Avropada bir sıra dövlətlərin enerji təhlükəsizliyini təmin edən dövlətdir.
«Enerji sektoruna gəldikdə, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir» -deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısının Avropa Parlamenti ilə bağlı fikirləri isə bu antiazərbaycançı qurumun qərəzli fəaliyyətinə verilən ən layiqli qiymətdir. Məlumdur ki, Avropa Parlamenti Azərbaycana qarşı hər zaman məkrli mövqe nümayiş etdirib, Ermənistanın işğalçı siyasətinə dəstək verib, qəbul etdiyi qətnamələrlə respublikamızın inkişafına və uğurlarına kölgə salmağa çalışıb. Lakin bu ermənipərəst qurum heç vaxt niyyətinə çatmayıb və onun qəbul etdiyi qətnamələrin adi kağız parçası qədər əhəmiyyəti olmayıb. Prezident İlham Əliyev çox düzgün olaraq qeyd etdi ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ümumilikdə, Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı qeyd etdiyi məqamlar, yəni Azərbaycanın bu qurumun qərəzli fəaliyyətinə reaksiya verməməsi, habelə Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırması respublikamızın qətiyyətli və ləyaqətli siyasətinin təzahürüdür.
Bir məsələni də qeyd edək ki, rəqəmsallaşma və süni intellektə əsaslanan strateji xətt Azərbaycanın qarşıdakı dövr inkişafının ana xəttini təşkil edir. Hökumət rəqəmsallaşmanı və süni intellektin tətbiqini milli iqtisadiyyatın rəqabətə davamlılığını artıran prioritet hədəf elan edib. Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində qlobal texnoloji nəhənglərlə keçirdiyi görüşlər də ölkəyə ən son innovasiyaların və süni intellekt həllərinin gətirilməsinə xidmət edir. Dövlət başçısının dünyanın IT texnologiyaları üzrə nüfuzlu təşkilatlarından biri olan “Dell Technologies” şirkətinin nümayəndəsi ilə görüşü, “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə “süni intellekt və məlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas hədəflərdir” söyləməsi də bu strategiyanın tərkib hissəsidir. Azərbaycanın hədəfi süni intellektin neft-qaz sektorundan kənd təsərrüfatına, səhiyyədən-təhsilədək bütün sahələrə inteqrasiyasını sürələndirmək, istehsalatda səmərəliliyi və resurslara qənaəti maksimum səviyyəyə çatdırmaqdır. Azərbaycan liderinin bu uzaqgörən siyasəti ölkəni XXI əsrin texnoloji çağırışlarına tam hazır vəziyyətə gətirərək qlobal rəqəmsal xəritədə mövqeyini möhkəmləndirir.
Göründüyü kimi, Prezident İlham Əliyevin hədəfi Azərbaycanı ən müasir texnoloji çağırışlar əsasında inkişaf edən modern dövlət səviyyəsinə yüksəltməkdir. Cənab Prezident Azərbaycanı məhz bu strateji prioritet əsasında gələcəyə aparır.
Lakin təəssüflə qeyd edilməlidir ki, özünü müxalifət hesab edən, lakin sosial bazadan və ictimai dəstəkdən məhrum olan qaragüruhçu qrup respublikamızın bütün uğurlarını görməzdən gəlir. Nəinki görməzdən gəlir, hətta onlara kölgə salmağa cəhd göstərir. Müxalifətçiliyin konkret nəzəri əsasları var. Müxalifətçilik dövlətə və xalqa qarşı olmalı deyil və müxalifət partyaları da dövlətin maraqlarını qorumalı, siyasi məramları və proqramları ilə ölkənin qarşısında duran vəzifələrin gerçəkləşməsinə xidmət etməlidirlər. Amma özünü müxalifətçi hesab edən, fəaliyyəti isə sosial şəbəkədən o yana keçməyən qaragüruhçu qrupun əməllərinin fonunda bu deyilənlərin tamamilə əksini görürük. Onların fəaliyyəti dövlətimizə, xalqımıza, qarşı yönəlib.
Lakin o da faktdır ki, xalqımız onların kim olduğunu və hansı çirkin məqsədlərə xidmət etdiklərini yaxşı bilir. Ona görə bu antimilli qrupa Azərbaycan cəmiyyətində heç vaxt yer olmayacaq.
Bütövlükdə, cənab Prezident İlham Əliyevin “Euronews” televiziya kanalına müsahibəsi göstərdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində möhkəm mövqelərə, aydın inkişaf yoluna, regionda və dünyada gedən proseslərə təsir imkanlarına malik dövlətdir. Ümumilikdə isə, bu müsahibə respublikamızın nailiyyətlərinin və strateji hədəflərinin beynəlxalq ictimaiyyət qarşısındakı növbəti uğurlu təqdimatı oldu.



