Azərbaycan və BƏƏ XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-BƏƏ hərtərəfli strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə bölgədə cari təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb.
Ötən ilin noyabr ayında iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası çərçivəsində əldə edilmiş razılıqların icrası məsələləri nəzərdən keçirilib, bu il Bakıda keçiriləcək ikinci iclasa hazırlıq işləri məmnunluqla qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov 8 avqust Vaşinqton sammitindən sonra sülh gündəliyi barədə qarşı tərəfi məlumatlandırıb.
Azərbaycanla BƏƏ arasında münasibətlərdə müsbət dinamika təqdir olunub, bu çərçivədə digər səylərlə yanaşı, iki ölkə vətəndaşlarının səfərlərinin daha da asanlaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



