Azərbaycanın gələcəyi gənclərdir.

Azərbaycan Respublikasının davamlı inkişaf strategiyasında gənclər siyasəti xüsusi yer tutur. Çünki hər bir dövlətin gələcəyi onun gənc nəslinin intellektual səviyyəsi, vətənpərvərlik ruhu və milli-mənəvi dəyərlərə bağlılığı ilə birbaşa bağlıdır. Bu mənada “Azərbaycanın gələcəyi gənclərdir” fikri təkcə şüar deyil, ölkənin uzunmüddətli inkişaf konsepsiyasının əsas fəlsəfəsidir.
Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşmış, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini strateji məqsəd kimi müəyyən etmişdir. Məhz dahi şəxsiyyət tərəfindən hələ 1 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti Azərbaycan üçün həm ideoloji, həm də praktiki olaraq ölkənin gələcəyinə qoyulan mühüm sərmayə idi. Onun təşəbbüsü ilə yaradılmış institutlar, qanunlar, tədbirlər və proqramlar gənclərin hərtərəfli inkişafını təmin etmiş, onların dövlət idarəçiliyində, elmdə, mədəniyyətdə və ictimai həyatda fəal iştirakını geniş şərait yaratmışdır. Bu siyasət uzunmüddətli perspektivdə Azərbaycanın müstəqil və dinamik gələcəyinin formalaşmasına təkan verdi.
Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə gənclərin təhsilinin yüksəldilməsi, məşğulluğunun təmin olunması, innovativ təşəbbüslərə cəlb edilməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə gənclər siyasəti sistemli xarakter almış, bu sahədə mühüm dövlət proqramları və institusional mexanizmlər formalaşdırılıb. 2003-cü ildən etibarən gənclərin təhsili, məşğulluğu, sosial müdafiəsi, vətənpərvərlik tərbiyəsi və ictimai fəallığının artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Dövlət başçısının təşəbbüsü ilə qəbul olunan strateji sənədlər gənclərin potensialının üzə çıxarılmasına geniş imkanlar yaradıb.
Təhsil sahəsi Prezident İlham Əliyevin gənclər siyasətində xüsusi yer tutur. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil almasına şərait yaradıb. Bu proqram çərçivəsində 5000-dən artıq azərbaycanlı gənc xarici ölkələrdə təhsil alaraq ölkəyə yüksək ixtisaslı kadrlar kimi qayıdıb. Paralel olaraq, ölkə daxilində müasir məktəblərin, universitet kampuslarının və təhsil infrastrukturunun yaradılması gənclərin bilik səviyyəsinin yüksəldilməsinə xidmət edib.
Prezident İlham Əliyev gənclərin məşğulluq probleminin həllinə də xüsusi diqqət yetirir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası nəticəsində yüz minlərlə yeni iş yeri açılmış, bu imkanlardan əsasən gənclər faydalanmışdır. Startap ekosisteminin formalaşdırılması, gənc sahibkarlara güzəştli kreditlərin verilməsi və innovasiya mərkəzlərinin yaradılması gənclərin iqtisadi fəallığını artırmışdır.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyevin gənclər siyasətinin əsas istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi həm döyüş meydanında, həm də arxa cəbhədə yüksək qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib. Bu Qələbə illər boyu həyata keçirilən məqsədyönlü gənclər və hərbi-vətənpərvərlik siyasətinin real nəticəsi olub. Dövlət başçısı müharibədən sonra şəhid ailələrinə və müharibə iştirakçısı olan gənclərə xüsusi diqqət və qayğı göstərilməsini prioritet vəzifə kimi müəyyən edib.
2022-ci ildə fevralın 2-də Gənclər günü ilə bağlı tədbirdə dövlət başçısı ölkəmizin gənclər siyasətinin prioritetini vurğulayıb:
“İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar” deyə Cənab İlham Əliyev qeyd edib.
Prezident İlham Əliyev gənclərin beynəlxalq arenada fəallığının artırılmasına da böyük önəm verir. Gənclərimizin beynəlxalq təşkilatlarda, forumlarda və idman yarışlarında uğurlu çıxışları Azərbaycanın gənc, dinamik və müasir dövlət imicinin formalaşmasına mühüm töhfə verir. Bu sahədə əldə olunan nailiyyətlər dövlətin gənclərə olan etimadının göstəricisidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Gənclərə göstərilən diqqət və qayğı, onların bilik və bacarıqlarının reallaşdırılması üçün yaradılan imkanlar dövlətin gələcəyinə yönəlmiş ən etibarlı sərmayədir. Bu gün yetişən savadlı, təşəbbüskar və vətənpərvər gənclik sabah Azərbaycanın davamlı inkişafının və güclü dövlətçilik ənənələrinin əsas təminatçısı olacaqdır.
Xalidə Nəbiyeva – Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin Gənclər Təşkilatının Sədri



