Siyasət

Laçın quruculuğun möhtəşəm ünvanlarından biridir

Xanlar FətiyevMilli Məclisin deputatı

5 ilə yaxındır ki, Azərbaycan xalqı özünün müasir dövlətçilik və müstəqillik tarixinin ən şərəfli və məğrur günlərini yaşayır. Artıq torpaqlarımız işğaldan azad edilib, Qarabağda erməni separatizminə son qoyulub, bütün ərazilərimiz üzərində milli suverenliyimiz və dövlətimizin konstitusion əsasları təmin olunub. Mühüm məqamlardan biri də odur ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı bu reallıqları beynəlxalq ictimaiyyət bölüşür və qəbul edir.

Daha xalqımız torpaqlarımızın işğal tarixlərini kədər hissi ilə qarşılamır. Bu gün biz Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın, Laçının, Ağdamın, Kəlbəcərin qəhrəman ordumuz tərəfindən işğaldan azad olunduqları tarixləri böyük fəxarət hissi və təntənə ilə qeyd edirik. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edilib və avqustun 26-da biz həmin əlamətdar tarixlərdən birini – Laçın şəhəri gününü qürurla qarşılayırıq.

Strateji baxımdan mühüm coğrafi mövqeyi olan Laçın rayonunun 1992-ci ilin may ayında Ermənistan ordusu tərəfindən işğalı ölkəmizdə həmin vaxt iqtidarda olanların və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsi idi. Avqustun 21-də Kəlbəcər şəhərində sakinlərlə görüşündə bu barədə danışan Prezident İlham Əliyev deyib:

«Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXCMüsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur».

Hakimiyyəti istənilən yolla ələ keçirmək üçün xəyanətə belə əl atan AXC-Müsavat qaragüruhu Şuşanı və Laçını 1992-ci ilin may ayında düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük problemlərə yol açdı. Çünki Laçının işğalı nəticəsində Qarabağdakı separatçı rejimlə Ermənistan arasında böyük coğrafi bağlantı yarandı ki, bu da Azərbaycan torpaqlarının sonrakı işğalı üçün zəmin formalaşdırdı.

Laçının işğalı nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. İşğal nəticəsində rayonda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. İşğal dövründə ermənilər Laçına eybəcər bir ad qoymuş, Suriyadan olan erməniləri burada yerləşdirmişdilər.

Azərbaycan xalqı inanırdı və əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad ediləcək, bütün məcburi köçkünlər, o cümlədən laçınlılar doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti xalqımızın bu inamını və əminliyini 2020-ci ilin payızında reallığa çevirdi.  Rayonun bir neçə kəndi hələ Vətən müharibəsi günlərində işğaldan azad edildi. Azərbaycanın 44 günlük savaşdakı qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin və kapitulyasiyasının hüquqi təsdiqi olan 10 noyabr Bəyanatına əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Məhz bu tarix ölkəmizdə Laçın şəhəri günü kimi qeyd olunur.

Hazırda Laçın rayonu Azərbaycanın Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və quruculuğun ən möhtəşəm nümunələrindən biridir. İşğaldan azad olunan ərazilərdə başa çatdırılan ilk infrastruktur layihələrindən biri Laçının Güləbird kəndindəki su elektrik stansiyasıdır. Bunun davamı olaraq rayonda “Ağbulaq”, “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları, “Laçın” qovşaq və “Qorçu” yarımstansiyaları,  Zabuxçay su anbarı  inşa olunub. İşğaldan azad edilmiş ərazilərdə icra olunan ən böyük infrastrukturlardan olan Laçın Beynəlxalq Hava Limanı artıq istifadə olunur. Təməli 2021-ci ildə qoyulan və 2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı istənilən tip hava gəmisini qəbul edə bilir. 75,8 km-lik Kəlbəcər-Laçın avtomobil yolunun inşası isə sürətlə davam edir.

Laçın şəhəri Vətən müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən sonuncu yaşayış məntəqələrindəndir. Buna baxmayaraq Laçın əzəli sakinlərinin qayıtdığı ilk şəhərlərdəndir. Şəhərin Azərbaycanın nəzarətinə keçməsindən cəmi 9 ay sonra, 2023-cü ilin may ayında Prezident İlham Əliyev buraya dönən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. Laçında əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Çaykənarı bulvar şəhər sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından biridir. Laçın şəhərində kanat yolu isə gələn il hazır olacaq.

Rayonun Sus, Zabux və Bəylik kəndlərinin əzəli sakinləri də artıq öz doğma yurdlarına dönüblər. İndiyə Laçın rayonuna təxminən 3500 nəfərə yaxın keçmiş məcburi köçkün  geri dönüb. Onlardan 571 ailə Laçın şəhərində məskunlaşıb.

Göz oxşayan gözəlliyi ilə fərqlənən, Azərbaycanın ən əsrarəngiz yaşayış məskənlərindən olan Laçın şəhəri həm də mühüm siyasi görüşlərə və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu il may ayının 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. İyulun 2-də isə Laçın şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi çərçivəsində ECO-nun Qadınlar Forumu təşkil edilib. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

Rayonda bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. Laçının sənaye zonasında mebel fabriki də fəaliyyətə başlayıb və bütün bunlar rayona qayıdan sakinlərin məşğulluğunun təmin edilməsində böyük rol oynayır. Laçın həm də vaxtilə heyvandarlığın, arıçılığın inkişaf etdiyi rayonlardan biri kimi tanınıb. Rayonun bərpası və sakinlərin qayıdışı prosesində bu amil də nəzərə alınır. Hazırda rayonda yüzlərlə arıçı öz təsərrüfatını qurub və məhsul götürür. Həkəri çayı üzərində isə Qarabağ zonasında ilk olan nərəyetişdirmə təsərrüfatı yaradılıb.

Laçın şəhəri və bütövlükdə rayon sürətlə bərpa olunur, onun əzəli sakinləri doğma evlərinə geri dönürlər. İşğaldan azad edilmiş bütün bölgələrimiz kimi Laçında da həyata keçirilən möhtəşəm quruculuq və keçmiş məcburi köçkünlərin qayıdışı cənab Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasəti və Azərbaycan dövlətinin qüdrətini dünyaya nümayiş etdirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button