Millət vəkili X. Fətiyev: “Azərbaycan qadınları hər zaman dövlətimizin yüksəlişinə layiqli töhfələr verəcəklər”

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Azərbaycan xalqının ən böyük mənəvi keyfiyyətlərindən biri cəmiyyətimizdə qadınlara yüksək ehtiram göstərilməsi, ana adının hər zaman uca tutulmasıdır. 8 Mart Beynəlxalq Qadınlar Gününün respublikamızda dövlət səviyyəsində qeyd olunması da bu ehtiramdan irəli gəlir. Bu bayram günü münasibətilə dövlətimizin başçısı qadınlara təbrik ünvanlayır, müxtəlif sahələrdə fəallığı ilə fərqlənən qadınları fəxri adlarla təltif edir.
Tariximiz və şifahi-yazılı ədəbiyyatımız göstərir ki, Azərbaycan qadınları hər zaman ən yüksək mənəvi keyfiyyətlərin və dəyərlərin daşıyıcıları olublar. Xalq ədəbiyyatımızın ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaətlər, Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız, Nizami, Füzuli və digər böyük şairlərimizin əsərlərində yaradılan obrazlar bunun bariz nümunələridir. Qadınlarımız yüz illərdən bəri formalaşan milli dəyərlərə sadiq qalaraq, ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuş, xalqımızın əxlaqi və milli dəyərlər sisteminin formalaşmasına, inkişafına böyük töhfələr veriblərlər.
Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində bu məqamlara xüsusi vurğu edilərək deyilir:
“Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır”.
Cəmiyyətimizdə qadınlara göstərilən böyük ehtiramın tarixi nümunələrindən biri Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilməsidir. Qadınlar Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq, ictimai və siyasi həyatda yaxından iştirak etməyə başlamışlar.
Əlbəttə, dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etmələri, o cümlədən, XX əsr boyu siyasi-ictimai, elm, mədəniyyət, incəsənət və digər sahələrdə qazandıqları misilsiz nailiyyətlər Azərbaycan qadınlarının həm də ən yüksək intellektual potensialından xəbər verir. Bütün bunların davamı olaraq müstəqil Azərbaycanda da qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edir, respublikamızın inkişafına layiqli töhfələr verir.
Onu da qeyd etməliyik ki, bu gün qadınların cəmiyyət həyatında fəal iştirakı həm də respublikamızda həyata keçirilən mütərəqqi qadın siyasətindən xəbər verir. Bu siyasətin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin müəllifi olduğu müstəqil Azərbaycanın Konstitusiyasına əsasən kişilərin və qadınların eyni hüquqları və azadlıqları vardır. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarıb. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılması məqsədilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Respublikamızda gender bərabərliyinin təmin olunması, qadınlar üçün yaradılan imkanların daha genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Qadın problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılması, Milli Məclis tərəfindən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi respublikamızda bu istiqamətdə keçirilən mütərəqqi siyasətdən xəbər verir. Bu qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına təkan verərək, bir çox stereotiplərin qırılmasına səbəb olub.
Bu gün qadınlar dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, idmanın inkişafına böyük töhfələr verirlər. Statistik göstəricilər də Azərbaycan qadınlarının cəmiyyət həyatının müxtəlif sferalarında fəal iştirak etdiklərini göstərir. Məsələn, hazırda ölkə üzrə fərdi sahibkarların ümumi sayında qadın sahibkarların xüsusi çəkisi 23,7 faizə bərabərdir. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 2004-cü ildə 4 faiz idisə, hazırda bu rəqəm 39 faizdən çoxdur. Respublikamızda dövlət qulluqçuları arasında qadınların payı 30 faizə yaxındır. Həmçinin hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında da qadınların sayı artıb.
Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. VII çağırış Milli Məclisin deputatlarının 26 nəfəri qadınlardır.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin fonunda Azərbaycan qadınlarının cəmiyyət həyatındakı fəallığı daha aydın görünməkdədir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dövlətimizin milli maraqlarına xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək mənəvi-əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Mehriban Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə görülən bütün işlər həm də Azərbaycan qadınlarının tarixən malik olduqları, müasir dövrümüzdə də davam etdirdikləri nəcib və mənəvi missiyanın təcəssümüdür. Cənab Prezident İlham Əliyevin Azərbaycan qadınlarına təbrikində qeyd etdiyi kimi maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.
Azərbaycan qadını həm də şəhid anasıdır. 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatlarında torpaqlarımızı işğaldan azad edən, erməni separatizmini məhv edən qəhrəman oğulları vətənpərvərlik ruhunda formalaşdıranlar da ilk növbədə analardır, Azərbaycan qadınlarıdır.
Ən yüksək ehtirama layiq olan Azərbaycan qadınları bundan sonra da dövlətimizin yüksəlişinə, cəmiyyətimizin mənəvi paklığının qorunmasına öz töhfələrini verəcəklər. Qadınların cəmiyyət həyatındakı layiqli mövqeləri isə mütərəqqi dövlət siyasətinin və xalqımızın milli-mənəvi keyfiyyətlərinin nəticəsi olaraq hər zaman qorunub saxlanacaq.



