Millət vəkili X. Fətiyev: “Qazaxıstan Azərbaycanın ən yaxın siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir”

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Azərbaycanın xarici siyasət kursunda və beynəlxalq iqtisadi əlaqələrində türk dövlətlərinin xüsusi yeri var. Təsadüfi deyil ki, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda respublikamızın türk dövlətləri ilə bütün müstəvilərdə münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Prezident İlham Əliyevin bu günlərdə dövlət səfəri etdiyi Qazaxıstanla əlaqələrin fonunda bu aydın görünür.
Dövlətimizin başçısının Qazaxıstana dövlət səfəri ərəfəsində bu ölkənin “Kazinform” agentliyinə eksklüziv müsahibəsində yer alan məsələlər də göstərir ki, Azərbaycan-Qazaxıstan münasibətləri həm siyasi, həm iqtisadi, həm də humanitar sferalarda genişlənir, inkişaf edir. Cənab Prezident müsahibəsində əlaqələrin bütün istiqamətlərinə toxunub. Ona görə bu müsahibəni iki dövlət arasındakı yüksək və qarşılıqlı etimada söykənən münasibətlərin, bütün sahələri əhatə edən əməkdaşlığın və türk dövlətlərinin həmrəyliyinə əsaslanan tərəfdaşlığın mükəmməl təhlili də adlandıra bilərik.
Bu gün Azərbaycanla Qazaxıstan arasında dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv siyasi dialoq mövcuddur. Bu dialoqun əsas göstəricisi isə əlbəttə ki, dövlət başçıları arasındakı dostluq munasibətləri və onların son illərdə etdiklərin qarşılıqlı səfərlərin sayıdır. Prezident İlham Əliyev hazırki dövlət səfəri də daxil olmaqla, son 3 ildə Qazaxıstana 7 dəfə səfər edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bu müddətdə 6 dəfə Azərbaycana gəlib. Bu səfərlər siyasi münasibətlərin dərin məzmununu nümayiş etdirir.

«Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir» -deyə Prezident İlham Əliyev müsahibəsində bildirib.
Azərbaycan-Qazaxıstan münasibətləri həm də strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir. Prezident İlham Əliyev müsahibədə bildirdiyi kimi ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Əvvəldə qeyd etdiyim kimi Azərbaycan və Qazaxıstan çoxtərəfli formatlarda da səmərəli əməkdaşlıq edirlər. Dövlətimizin başçısı müsahibəsində bu istiqamətdəki tərəfdaşlığa da diqqət çəkərək, iki dövlətin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq etdiklərini, qlobal arenada bir-birini dəstəklədiklərini, bir çox məsələlərdə ortaq mövqeyi bölüşdüklərini bildirdi. Çoxtərəfli formatlarda əməkdaşlıq Azərbaycan və Qazaxıstanın ortaq milli dəyərləri bölüşmələrindən, dost və strateji tərəfdaş olmalarından, regional və qlobal iqtisadi layihələrdə birgə iştirak etmələrindən və yaxın qonşuluq münasibətlərindən irəli gəlir.
Azərbaycan və Qazaxıstan həm də Türk Dövlətləri Təşkilatının qurucularıdır. Bu iki dövlətin təşəbbüsləri, əməkdaşlıqları, həyata keçirdikləri enerji layihələri, o cümlədən Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətləri TDT-nin həm regionda, həm də beynəlxalq arenada nüfuzlu aktora çevrilməsində böyük rol oynayır. Prezident İlham Əliyev müsahibəsində bu barədə deyib:
«Türk Dövlətləri Təşkilatı Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır».
Prezident İlham Əliyevin müsahibədə iqtisadi münasibətlərlə bağlı səsləndirdiyi rəqəmlər isə bu sahədəki tərəfdaşlığın artan dinamikasından xəbər verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Respublikamızda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu statistik göstəricilər iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli əməkdaşlıqdan xəbər verir.

Təbii ki, iqtisadi sferadakı əməkdaşlıqda Orta Dəhlizin də böyük payı var. Xüsusən əmtəə dövriyyəsindəki artımda Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi mühüm rol oynayır. 2024-cü ildə Azərbaycanla Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub və bu onu göstərir ki, Orta Dəhlizə beynəlxalq maraq ildən ilə artır. Müsahibədə Prezident İlham Əliyev bununla bağlı bildirir ki, Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək.
İki dövlət neft-qaz və yaşıl energetika sahələrində də fəal əməkdaşlıq edir, rəqəmsal inteqrasiyanı gücləndirirlər. Son bir neçə ildə SOCAR və “KazMunayQaz” şirkətləri arasında Qazaxıstan neftinin tranzitinə, alqı-satqısına dair sənədlər imzalanıb. 2024-cü ildə isə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş strateji sazişlər və memorandumlar imzalanıb. Rəqəmsal inteqrasiyaya gəldikdə, Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi davam edir. Bütün bunlar iki ölkənin iqtisadi əlaqələrinin hərtərəfli olduğunu təsdiqləyən tərəfdaşlıq nümunələridir.
Cənab Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsində yer alan məsələlər göstərir ki, Qazaxıstan Azərbaycanın ən yaxın siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Azərbaycan Prezidentinin dövlət səfəri isə iki ölkənin hərtərəfli tərəfdaşlığını daha da möhkəmləndirəcək, yeni əməkdaşlıq əlaqələrinin yaranmasına yol açacaq.