Millət vəkili X. Fətiyev: “Zəngilan tezliklə respublikamızın gözəl guşələrindən birinə çevriləcək”.

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Vətən müharibəsinin hər günü Azərbaycan Ordusunun ərazilərimizi işğaldan azad etməsi ilə yadda qaldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi «44 gün ərzində bir dəfə də olsun Ordumuz geriyə addım atmamışdır, ancaq irəli gedirdik». Ona görə 44 gün hər bir azərbaycanlını fərəhləndirən qələbələr və hadisələrlə zəngindir. Hər il oktyabrın 20-də xalqımız Vətən müharibəsinin əlamətdar hadisələrindən birini – Zəngilan rayonunun işğaldan azad edilməsini qürurla qeyd edir. Bu gün Zəngilanın işğaldan azad olunmasından 5 il ötür.
Füzuli və Cəbrayıl rayonları 1993-cü ilin avqust ayında işğal olunduqdan sonra Zəngilan düşmənin əhatəsində qalmışdı. Köməksiz qalmalarına baxmayaraq, zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə qəhrəmancasına vuruşdular. 235 nəfər zəngilanlı həmin döyüşlərdə şəhid oldu və itkin düşdü.
Vətən müharibəsinin ilk həftələrində Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi göstərirdi ki, işğal altında olan digər şəhər və rayonlarımızın, o cümlədən Zəngilanın düşməndən geri alınacağı gün uzaqda deyil. Xüsusən Ermənistan ordusunun Cəbrayıl rayonu ərazisində darmadağın edilməsi Silahlı Qüvvələrimizin qarşısıalınmaz döyüş gücünün təsdiqinə çevrilərək, hərbi birləşmələrimizin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabr ayının 20-də isə Zəngilan şəhəri və rayonunHavalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri işğaldan azad olundu.
Həmin gün xalqa müraciətində Zəngilan şəhərinin və rayonun kəndlərinin azad olunması müjdəsini çatdıran Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, düşmənin belini qıracağıq. Oktyabrın 18-dən başlanan Zəngilan uğrunda əməliyyat bunu bir daha təsdiq etdi. Zəngilan şəhərinin azad edilməsinin ardınca şanlı ordumuz növbəti günlərdərayonun 4 qəsəbəsini və daha 49 kəndini işğalçılardan geri aldı. Rayonun digər yaşayış məntəqələrinin azad edilməsi isə 2020-ci i oktyabrın 22-də uğurla tam başa çatdırıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu.
Zəngilan rayonunun işğaldan azad edilməsi Vətən müharibəsində Azərbaycanın əldə etdiyi nöbəti strateji, eləcə də psixoloji uğur oldu. Belə ki, bu hadisə ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatlarının sürətli olduğunu göstərdi. Hərbi birləşmələrimizin Zəngilanı azad etməklə Ermənistanla sərhədə çatması isə düşmənə vurulan mənəvi-psixoloji zərbə oldu. Zəngilanın azad edilməsi nəticəsində həm də 30 ilə yaxın işğal altında qalan Azərbaycan-İran sərhədi bərpa olundu, o cümlədən ordumuzun Qubadlı istiqamətində irəliləməsi üçün əlverişli şərait yarandı.
Zəngilan 30 ilə yaxın davam edən işğal dövründə işğalçılar tərəfindən vandallığa məruz qalıb, təbii sərvətləri talan edilib. Ermənilər rayon ərazisindəki “Vejnəli” qızıl yatağını bu illər ərzində qanunsuz şəkildə istismar ediblər. O cümlədən, buradan mərmər, qranit və digər yeraltı sərvətlərimizi talan edərək Ermənistana daşıyıblar. Burada vaxtilə rayonda mövcud olmuş çinar meşəliyi işğalçılar tərəfindən tamamilə məhv olunub, Oxçuçay çayı ekoloji terrora məruz qalıb.
Bu gün Zəngilan dövlətimizin öz gücü ilə bərpa olunur, yenidən qurulur, işğalın izləri aradan qaldırılır. Zəngilan həm də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın ilk ünvanıdır. Keçmiş məcburi köçkünlərin doğma evlərinə qayıdışı 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndindən başlayıb. 2021-ci il aprelin 21-də təməli qoyulan Ağalı kəndi «Ağıllı kənd» konsepti əsasında yenidən qurulan pilot layihədir. Təməli qoyulduqdan cəmi 13 ay sonra, 2022-ci il mayın 27-də Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub və həmin gündən işğaldan azad edilmiş ərazilərə qayıdış başlayıb. Ağalıda “Ağıllı kənd” konsepsiyasının üç komponenti – ağıllı idarəetmə, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.
Zəngilanın Ağalıdan başlayan quruculuğu hərtərəflidir. Belə ki, rayonda həm infrastrukturlar bərpa olunur, həm yaşayış məntəqələri yenidən qurulur, həm də iqtisadi potensialın hərəkətə gətirilməsinə və vətəndaşların məşğulluğunun təmin olunmasına xidmət edən layihələr reallaşdırılır. 2021-ci ildən ötən dövrdə Zəngilanda Konqres Mərkəzinin, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Sarıqışlaq”, “Zəngilan”, Cahangirbəyli və “Şayıflı” su elektrik stansiyalarının, “Zəngilan” yarımstansiyasının, “Ağalı” hotelinin tikintisi başa çatdırılıb, Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi istifadəyə verilib. Zəngilan məscidi isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.
Hazırda rayonda Rəqəmsal Yarımstansiyanın, Zəngilan şəhərində yaşayış komplekslərinin, uşaq bağçasının, məktəb binasının, Zəngilan İstirahət Kompleksinin inşası, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin qurulması, o cümlədən, Alıbəyli, Zəngilan, Cahangirbəyli kəndlərinin və Mincivan qəsəbəsinin bərpası davam edir.
Yaxın gələcəkdə Zəngilan həm də Şərqi Zəngəzur iqtisadi rayonunun nəqliyyat qovşaqlarından birinə çevriləcək. Rayonda həyata keçirilən nəqliyyat layihələri bunu deməyə əsas verir. 2021-ci ilin may ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanının tikintisi 2022-ci ilin oktyabr ayında başa çatdırılıb. Bu, işğaldan azad olunan ərazilərimizdə Füzuli Beynəlxalq Hava Limanınından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci hava limanıdır. Bu hava limanının da imkanları bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə imkan verir.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun və Zəngilan-Horadiz avtomobil yolunun istifadəyə verilməsi isə yaxın gələcəkdə işə salınacaq Zəngəzur dəhlizinin əsas seqmentləri olmaqla, Zəngilanın Şərqi Zəngəzurun nəqliyyat qovşağına çevrilməsini təmin edəcək.
Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabr ayının 20-si ölkəmizdə Zəngilan şəhəri günü kimi qeyd olunur. Bu gün işğaldan azad olunmasının 5-ci ili tamam olan Zəngilanın quruculuğu sürətli və dinamikdir. Cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və nəzarəti altında həyata keçirilən quruculuq həm də əzəmətli və qürurvericidir. Artıq işıqları yanan, əzəli sakinlərinə qucaq açan Zəngilan tezliklə respublikamızın dilbər guşələrindən birinə çevriləcək.