Siyasət

Milli Məclisin deputatı Xanlar Fətiyev: “Azərbaycan enerji təhlükəsizliyi məsələlərində söz sahibi olan dövlətdir”

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə aparıcı rolunu növbəti dəfə nümayiş etdirdi. Eyni zamanda bu tədbir onu göstərdi ki, ənənəvi enerji resurslarının hasilatı və ixracı sahəsində böyük uğurlar əldə edən Azərbaycan tezliklə «yaşıl enerji»nin istehsalı və ixracında da lider mövqelərdə qərar tutacaq.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Adından da göründüyü kimi bu tədbirin keçirilməsi Cənub Qaz Dəhlizi ilə bağlı olub. Cənub Qaz Dəhlizi ilə bağlı ən böyük tarixi həqiqətlərdən biri də budur ki, bu layihənin həyata vəsiqə alması Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və uzaqgörənliyinin nəticəsində mümkün olub.  Məhz Prezident İlham Əliyevin bu enerji layihəsinin bütün iştirakçılarını vahid komanda şəklində birləşdirməsinin və qarşıya qoyulan vəzifələri düzgün koordinasiya etməsinin nəticəsidir ki, indi Azərbaycanın təbii qazı Avropa bazarlarına ixrac olunur.

Onu da qeyd edim ki, bu layihə və onun ayrı-ayrı seqmentləri ilə bağlı hələ vaxtilə sazişlər imzalananda, razılaşmalar əldə olunanda bəziləri onun reallaşacağına bəlkə ki, inana bilmirdilər. Amma unutmaq lazım deyil ki, Azərbaycan dövləti qarşısında dayanan bütün strateji hədəflərə qətiyyətlə çata bilən dövlətdir. Buna misal olaraq Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi meqalayihələrin icrasını misal göstərə bilərik. Bu infrastrukturların reallığa çevrilməsi Prezident İlham Əliyevin qətiyyətinə, iradəsinə söykənmişdi. Eyni prinsipiallıqla cənab İlham Əliyev 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin də yaradılmasına nail oldu. Dövlətimizin başçısı bütün maraqlı dövlətləri və maliyyə strukturlarını, o cümlədən Cənub Qaz Dəhlizinin çəkilişinə ilk gündən dəstək verən Avropa İttifaqını bu layihə ətrafında  səfərbər etdi. Bu baxımdan Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında qeyd etdiyi kimi Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. 3500 kilometrlik bu boru kəməri sistemi ona qoşulan və ondan faydalanan bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. 

Cənub Qaz Dəhlizinin ərsəyə gətirilməsi istiqamətindəki tarixi reallıqları, o cümlədən Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində etibarlı tərəfdaş olmasını Avropa dövlətləri, o cümlədən Avropa İttifaqı da görür və etiraf edir. 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması da göstərir ki, Avropa İttifaqı özünün enerji təhlükəsizliyində Azərbaycana güvənir. Bu memorandumun imzalanmasından Azərbaycandan Avropaya qaz təchizatı təxminən 60 faiz artıb. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir. Bu ölkələrdən 8-i isə Avropa İttifaqının üzvüdür.

Prezident İlham Əliyev toplantıda təbii qazın ixrac həcmi ilə bağlı vacib mesajlar da verdi. Beləliklə, yeni yataqların istismar olunması və mövcud qaz yataqlarında hasilatın artırılması nəticəsində Azərbaycan öz istehlakçılarını daha çox təbii qazla təmin edəcək. Cənab Prezidentin qeyd etdiyi kimi bu il yeni yataqlarda, əsasən “Azəri-Çıraq-Günəşli”də yeni hasilatın başlanması gözlənilir.

Əlbəttə, 2015-ci ildən başlayaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarının keçirilməsi Azərbaycanın təbii qazının Avropaya çatdırılması və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərin reallaşmasında böyük rol oynayıb. Bu baxımdan Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin toplantıları maraqların və mövqelərin uzlaşdırılmasında, iştirakçı tərəflərin səylərinin koordinasiya edilməsində mühüm rol oynayıb. Ötən il keçirilən 10-cu Məşvərət Şurasından sonra daha 5 ölkənin Azərbaycandan təbii qaz alması bu tədbirin vacibliyini bir daha ortaya qoydu.

Son 3 ildə isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının formatı böyüyüb. Belə ki, bu tədbir artıq «yaşıl enerji» məsələlərini də əhatə edir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan neft və təbii qazın hasilatı və ixracı istiqamətində qarşıya qoyulan əsas strateji məqsədlərinə çatmaqla yanaşı, qlobal çağırışlardan olan «yaşıl enerji»yə də sürətli keçid edir.  Məlum olduğu kimi son illərdə respublikamızda bu sahədə bir neçə nəhəng layihənin təməli qoyulub. Onlardan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası artıq istifadəyə verilib. 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası davam edir. Ötən ilin sonlarında isə Cəbrayıl rayonunda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının təməli qoyulub. Qarabağ və Şərqi Zəngəzur isə «yaşıl enerji» zonası elan edilib.

  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bu barədə danışan Prezident İlham Əliyev respublikamızda 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialının yaranacağını bəyan etdi:

«Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq». 

Göründüyü kimi  respublikamız enerji təhlükəsizliyi ilə bağlı hədəflərini yalnız ənənəvi enerji mənbələri üzərində qurmur. Azərbaycanın hədəfi həm də «yaşıl enerji» sahəsində qlobal miqyasda ön mövqelərdə dayanmaqdır. Avropa İttifaqı da Azərbaycanın bu sahədə atdığı addımları görür və respublikamızla əməkdaşlığa önəm verir. 2022-ci il dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da bunu təsdiq edir.

Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi daha çox təbii qaza qənaət etmək imkanı verən «yaşıl enerji» gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Bu isə respublikamızın enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə söz sahibi kimi rolunu daha da gücləndirəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button