Xartiya Azərbaycanın regionda strateji mövqeyini və ABŞ üçün əhəmiyyətli tərəfdaş statusunu bir daha təsdiq edir.

Sevinc Mirzəyeva – Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin şöbə müdiri
Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər son illərdə regional təhlükəsizlik, enerji əməkdaşlığı, ticarət və tranzit sahələrində strateji məzmun qazanaraq daha da dərinləşib. Bu münasibətlər qarşılıqlı maraqlara əsaslanmaqla yanaşı, regionda sabitliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, ABŞ qlobal siyasi sistemdə aparıcı aktor kimi beynəlxalq münaqişələrin nizamlanmasında mühüm rol oynayır. Prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında dialoqun intensivləşdirilməsi, tərəflər arasında birbaşa danışıqların təşkili və kompromis əsaslı həll yollarının irəli sürülməsi diplomatik prosesin əsas mərhələlərindən biri kimi təqdim olunur. Ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Prezident Donald Tramp üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etdi. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflandı, həmçinin Birgə Bəyannamə imzalandı. Prezident Tramp şahid qismində həmin sənədi imzaladı və bununla da 30 il davam edən münaqişəyə son qoyuldu. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları oldu.
Təəssüf ki, Bayden administrasiyası dövründə Azərbaycana qarşı qərəzli mövqe sərgilənməsi ölkələrimiz arasında olan strateji münasibətlərə xələl gətirmişdi. Azərbaycan-ABŞ münasibətlərində mərhələ-mərhələ baş verən dəyişikliklər fevralın 10-da ölkəmizdə rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens də qeyd etdi ki, əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verib. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Cey. Di. Vens onu da əlavə edib ki, biz Prezident Donald Trampın rəhbərliyi ilə bunu düzəltdik. Mətbuata bəyanatında ABŞ Prezidentinin şəxsən dövlətimizin başçısı İlham Əliyevə, eləcə də Azərbaycan xalqına ən səmimi salamlarını çatdıran Cey. Di. Vens bildirib ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur:

“Fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik” deyə Vens əlavə edib.
Azərbaycan və ABŞ arasında diplomatik münasibətlər qurulduğu vaxtdan etibarən siyasi dialoq, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri prioritet istiqamətlər kimi formalaşıb. İki ölkə arasında əməkdaşlıq xüsusilə enerji sahəsində tərəfdaşlıq, ticarət və iqtisadi əlaqələr, tranzit və regional bağlantıları əhatə edir. Təsadüfi deyil ki, Azərbaycan ABŞ üçün Xəzər regionunda etibarlı enerji tərəfdaşlarından biri hesab olunur. Azərbaycanın zəngin enerji resursları və beynəlxalq enerji layihələrində fəal iştirakı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. ABŞ Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, Cənub Qaz Dəhlizi kimi qlobal enerji layihələrini daim dəstəkləyib. Bu layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan regionun enerji xəritəsini dəyişdirərək Avropanın enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir. Enerji əməkdaşlığı çərçivəsində bərpa olunan enerji sahəsində də tərəfdaşlığın genişləndirilməsi diqqət mərkəzindədir. Azərbaycanın yaşıl enerji potensialı, xüsusilə Xəzər dənizində külək enerjisi imkanları ABŞ şirkətləri üçün də maraq doğurur.
Onu vurğulamaq lazımdır ki, Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ildən-ilə artmaqdadır. ABŞ şirkətləri Azərbaycanda enerji, tikinti, nəqliyyat, informasiya texnologiyaları və xidmət sektorlarında fəal iştirak edir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, əlverişli investisiya mühiti və regional nəqliyyat qovşağı kimi rolu Amerika biznes dairələri üçün yeni imkanlar yaradır. İkitərəfli iqtisadi əməkdaşlıq qeyri-neft sektorunun inkişafı, innovasiya və texnologiya transferi baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzi kimi çıxış edir. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı regionda iqtisadi inteqrasiyanı gücləndirir.
ABŞ Azərbaycanın regional tranzit imkanlarını və nəqliyyat infrastrukturunun inkişafını dəstəkləyərək, regionda iqtisadi əməkdaşlığın genişlənməsinə və sabitliyin möhkəmlənməsinə töhfə verir. Bu əməkdaşlıq qlobal ticarət marşrutlarının təhlükəsiz və səmərəli fəaliyyətinə xidmət edir. Bu baxımdan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP ən vacib və önəmli layihələrdən biridir ki, bu da nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizinə çevriləcək. Amerikanın vitse prezidenti ilə görüş zamanı Prezident İlham Əliyev də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsini Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri kimi qiymətləndirib:
“Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur” deyə dövlət başçımız qeyd edib.
Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlərdə enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika sahələrində tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
İkitərəfli görüşlər zamanı tərəflər regional təhlükəsizlik məsələləri, enerji layihələrinin gələcək inkişafı və yeni iqtisadi əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Görüşlərdə Azərbaycanın regionda sabitlik və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində oynadığı rol yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya ikitərəfli münasibətlərin hüquqi və siyasi əsasını təşkil edən mühüm sənəddir. Bu sənəd iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir və tərəfdaşlığın uzunmüddətli perspektivlərini müəyyənləşdirir.

Xartiya enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi, regional sabitlik və təhlükəsizlik, demokratiya və idarəetmə sahəsində əməkdaşlıq, iqtisadi və ticarət əlaqələrinin inkişafı, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi sahələrini əhatə edir.
Bu sənəd Azərbaycanın regionda strateji mövqeyini və ABŞ üçün əhəmiyyətli tərəfdaş statusunu bir daha təsdiq edir. Xartiya çərçivəsində həyata keçirilən layihələr siyasi dialoqun möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regional inkişafın sürətləndirilməsinə xidmət edir. Azərbaycan ilə ABŞ arasında regional bağlantılar enerji, ticarət və tranzit sahələrində qarşılıqlı maraqlara əsaslanan möhkəm strateji tərəfdaşlıq modelini formalaşdırıb. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq haqqında Xartiya çərçivəsində əməkdaşlığın inkişafı iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu əməkdaşlıq təkcə iki dövlət üçün deyil, bütövlükdə regionda sabitlik, iqtisadi inkişaf və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan–ABŞ münasibətlərinin gələcəkdə daha da genişlənərək regional və qlobal miqyasda strateji əhəmiyyətini artıracağı gözlənilir.




